Türkiyə-Özbəkistan münasibətlərində yeni mərhələ


Sədrəddin Soltan

Tarixi bağların bərpası Türk dünyasınıngücünü artıracaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən gün Türkiyəyə səfər edib. Onun ziyarəti regional və qlobal baxımdan önəmlidir. Çünki Özbəkistan Mərkəzi Asiyanın bütün istiqamətlərdə aparıcı dövlətlərindəndir. Onun zəngin tarixi keçmişi ilə yanaşı, dövlətçilik ənənəsi də var.

Özbəkistan təbii sərvətlərlə zəngin dövlətdir. O, qızıl ehtiyatlarına görə 4-cü, mis, uran üzrə 7-8-ci yerdədir. Təbii qaz (dünya üzrə 11-ci yerdə), neft və kalium duzları ehtiyatlarına görə dünya liderlərindəndir. Yer təki iqtisadiyyatda əhəmiyyətli rol oynayan kömür, volfram, gümüş və əlvan metallar daxil olmaqla 2700-dən çox yataq ehtiva edir və s.

Özbəkistan məhsuldar torpaqları, geniş səhra otlaqları var. Bu da əkinçilik və heyvandarlıq sahələrinin inkişafı üçün əlverişli şəraitdir. Ölkənin insan resursları da kifayət qədərdir.

Belə zəngin dövlətin, torpağın məhsullarının dünya bazarına çıxarılması üçün Mərkəzi Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu əhəmiyyətlidir. Bundan başqa, bu marşrutda təmsil olunanlar arasında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin olması da nəzərəçarpan hallardandır.

Odur ki, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi və dərinləşməsi baxımından, Şavkat Mirziyoyevin Türkiyəyə səfəri iki dövlət üçün xüsusi əhəmiyyət daşıyır.

Bu il, eyni zamanda, Özbəkistan Respublikası ilə Türkiyə Respublikası arasında əbədi dostluq və əməkdaşlıq haqqında Müqavilənin 30-cu illiyidir.

Məlumata görə, Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının yekunlarına əsasən, prezidentlər Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Birgə Bəyanat, həmçinin Əhatəli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq mexanizmləri haqqında Qərar imzalayıblar.

Bundan başqa, çoxplanlı tərəfdaşlığın geniş spektrini əhatə edən 10-dan çox ikitərəfli sənəd imzalanıb.

Onu da qeyd edək ki, Özbəkistan hakimiyyəti Müdafiə Doktrinasına dəyişikliklər etmək niyyətindədir. Hökumət, həmçinin Milli Təhlükəsizlik Konsepsiyasını da yenidən nəzərdən keçirməyi planlaşdırır. Belə ehtimal etmək olar ki, hər iki istiqamətdə üstünlük verilən tərəflərdən biri Türkiyə olacaq.

İki ölkə arasında müxtəlif sazişlərin imzalanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanla Şavkat Mirziyoyev ortaq mətbuat konfransı keçirib. Türkiyə Prezidenti İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" hədəfinə doğru əmin addımlarla irəliləyəcəklərini vurğulayıb: " Ürək-ürəyə verib içində olduğumuz əsrə Türk dünyasının möhürünü vuracağımızdan əminik".

Ərdoğan Özbəkistanın Mərkəzi Asiyanın regional inteqrasiyası məsələsində lider rol oynadığını qeyd edib. O, siyasi, iqtisadi, mədəni, humanitar və regional bütün ortaq hədəflərin gerçəkləşdirilməsi üçün iki ölkə qurumlarının əməkdaşlıq içində fəaliyyət göstərdiklərini vurğulayıb.

Türkiyə Prezidenti bu günlərdə xarici işlər nazirlərinin həmsədrliyi ilə Ortaq Strateji Planlaşdırma Qrupunun toplandığını xatırladaraq deyib ki, xarici və daxili işlər, müdafiə nazirləri, kəşfiyyat təşkilatı başçılarından ibarət 4+4 mexanizminin birinci toplantısına Ankara ev sahibliyi edib.

Ərdoğan Türkiyənin Hatay bölgəsinin Arsuz rayonunda inşa edilən 3 min 93 mənzildən ibarət yaşayış sahəsində 308 mənzilin tikintisini Özbəkistanın öhdəsinə götürdüyünü də qeyd edib.

İki ölkə arasında sazişlərin imzalanması və prezidentlərin çıxışlarından sonra İstanbuldakı Özbəkistan məktəbinin "Daşqoyma" mərasimi keçirilib.

Bunlar Özbəkistanla Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsini bir daha təsdiqləyir.

Tərəflər arasında son üç ildə ticarət dövriyyəsinin həcmi üç dəfə artıb. Hədəf 5 milyard dollardır.

Türkiyə və Özbəkistan arasında əlaqələrin genişlənməsi Mərkəzi Asiya, Türküstan ilə Anadolunun tarixi bağlarının da bərpasıdır. Bu əlaqələr inkişaf etdikcə Türk dünyasının gücü artar.

Uzun illər bu münasibətlərin baş tutmaması üçün türk düşmənləri əllərindən gələnləri ediblər. Bu birliyi təbliğ edənlər, bu istiqamətdə fəaliyyət göstərənlər "pantürkist", "panturanist" deyə damğalanıb. Onların nəsibi sürgünlər, edamlar, həbslər oldu, bu düşüncə daşıyıcılarına işgəncələr verildi. Ancaq azadlıq, müstəqillik bütün bu çərçivələri dağıtdı. İndi Türk dövlətləri arasında yaxınlaşma, əməkdaşlıq, təhlükəsizlik tədbirləri qlobal miqyasda əhəmiyyətli hadisəyə çevrilir.

Bu baxımdan, Türkiyə-Özbəkistan əlaqələrinin güclənməsi Avropa ilə Asiya arasında siyasi, iqtisadi, sosial, energetika, mədəni və başqa bağları gücləndirir, ona yeni mütərəqqi çalar qatır.


MANŞET XƏBƏRLƏRİ