Səndən sonra…


Nailə Əskər

Mənim üçün nə qədər əziz və dəyərli olduğun haqqında, sənin itkinin necə dərindən yandırıb-yaxdığı haqqında uzun danışmaq istəmirəm. Sən böyük qardaşdan, ata əvəzindən başqa, həm də həmkarım və ustadım idin. Mən elə bilirəm ki, səndən öyrəndiklərimi bir güc mənim zehnimdən və qəlbimdən çəkib alsa, məndən geriyə yalnız boş bir vücud qalar. Ona görə qəlbimdən deyirəm, təkəbbürdən uzaq, sadə və duru olmağı mən səndən öyrəndim. Nəzakət qaydalarına bütün incəliyinə qədər əməl etməyi, insana dəyər verməyi, təmənnasız və iddiasız olmağı… Daha nələr, nələr…

Sən mənim dostum və sirdaşım idin. Ən çox da bunun yoxluğundan əziyyət çəkirəm. Şəxsi, ailəvi söhbətlərdən başqa, keçmiş və gələcək haqqında, elm və sənət haqqında, xüsusilə sənin yaradıcılıq planların haqqında elə dərin söhbətlər eləmişik ki, bunlar mənim yaddaşımdan heç vaxt silinməz. Elə şirin təhkiyən var idi ki, uzun-uzun bu söhbətləri dinləmək mənim üçün bir həyat dərsi idi. Maraqlıdır ki, o söhbətlər vaxtı da ürəyimdə elə hey, bu sözləri yaxşı dinlə, yadında yaxşı saxla, bunları dinləmək hər insana nəsib olmaz, deyə düşünürdüm, indi də eynisini düşünürəm. Sən çox müasir fikirli və eyni zamada mental dəyərlərə həddindən artıq sadiq biri idin. Sənə baxanda həm təcrübəsiz bir gənci, həm də müdrik bir ağsaqqalı bir yerdə görürdüm. Sən billur kimi saf idin. İnsanlar haqqında heç vaxt pis düşünməzdin, bunu faktlarla göstərəndə belə inanmaq istəməzdin. Sən tək evdən getmədin, həm də eldən getdin. Bu mənim üçün də belədir, həm bacı kimi, həm bir həmkar kimi gözlərim daim səni axtarır.

Bu gün övladlarınla birlikdə sənin ad gününə əliboş gəlmədik. Səndən sonra şəxsi arxivin, əlyazmaların, səndən qalan bütün yaradıcılıq nümunələrin saf-çürük edilir, çap olunmamış əsərlərin işıq üzü görür. Keçən il bu günə sənin əlyazmalarından hazırlanmış şeirlər kitabını çatdıra bildik. Bu ad gününə isə sənin ən çox çap olunmasını istədiyin, illərin, gərgin əməyin və yuxusuz gecələrin sayəsində ərsəyə gəlmiş fundamental bir əsəri hədiyyə edirik.

Yadımdadır, hələ 2000-ci illərdə Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərini Azərbaycan türkcəsinə uyğunlaşdırarkən müqayisə üçün rus nəşrinə də müraciət edirdin. Rusca mövcud nəşri heç bəyənmirdin və həddindən artıq səhvlər və qüsurlar olduğundan şikayət edirdin. O vaxt qərara almışdın, Azərbaycan türkcəsindən sonra, divanı ruscaya tərcümə edəcəkdin. Nəhayət, uzun zəhmətlərdən sonra divan 2006-cı ildə Azərbaycan türkcəsində dörd cild olaraq işıq üzü gördü. Bu tək ölkə üçün deyil, eyni zamanda bütün Türk dünyası üçün möhtəşəm bir ədəbi hadisə idi. Sən heç dincəlmədən rusca tərcüməyə başladın və 2009-cu ildə işini yekunlaşdırdın, kitabı rus dili mütəxəssisləri oxudu və rəy verdi. Elmi redaktorları, məsləhətçiləri bu tərcüməni müsbət dəyərləndirdilər və nəşr üçün uyğun gördülər. O vaxt kitabın üç cild olaraq sadəcə siqnal nəşri həyata keçdi. Dördüncü cildi indekslər üçün nəzərdə tutsan da, təəssüf ki, maddi çətinliklərə görə kitab kütləvi olaraq çap olunmadı və dördüncü cild, yəni indekslər hazırlanmadı.

İndi sənin ad gününə sənin bu əsərinlə gəlmişik. Kitab üç cild halında əslinə uyğun olaraq hazırlanıb. Mətn, annotasiya, sənin qeyd və izahların olduğu kimi saxlanılıb. Divanın hər üç cildinin titul səhifəsində ilk nəşrin 2009-cu ildə olduğu, bu nəşrin kitabın ikinci nəşri olduğu göstərilib. Kitab az sayda nəşr olunub, satış üçün nəzərdə tutulmayıb. Kitabxanalara hədiyyə edilərək mütəxəssis və tədqiqatçıların ixtiyarına veriləcəkdir.

Professor Ramiz Əskərin Türkologiya elminə, ümumilikdə Türk mədəni mühitinə xidmətləri bundan sonra da davam edəcək.

Ruhu şad olsun!

No description available.


MANŞET XƏBƏRLƏRİ