ABŞ–İran dialoqu: Qırmızı xətlər, gizli mesajlar və müharibə xəbərdarlığı - ŞƏRH


ABŞ ilə İran arasında uzun müddətdir davam edən gərgin münasibətlərdə yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Tərəflər arasında danışıqların bərpası regionda və beynəlxalq arenada diqqətlə izlənilir.

Mümkün dialoq prosesi yalnız iki ölkə arasındakı münasibətlərin gələcəyini deyil, eyni zamanda Yaxın Şərqdə təhlükəsizlik, nüvə proqramı, sanksiyalar və enerji bazarları kimi mühüm məsələlərin taleyini də müəyyən edə bilər. Danışıqların başlanması, gedişatı və yekun nəticələri ABŞ–İran münasibətlərində dönüş nöqtəsi ola biləcək əsas faktorlar kimi qiymətləndirilir.

Görəsən, ABŞ və İran nümayəndələri arasında keçirilən görüş müsbət nəticə verəcək, yoxsa tərəflər arasında müharibə ehtimalı qalmaqdadır? Turkustan.az olaraq bu suallarla politoloq Züriyə Qarayevaya müraciət etdik.

Rusiya-Ukrayna müharibəsinin 2023-cü ildə taleyi necə olacaq?

Züriyə Qarayeva

Omanda - Məskətdə keçirilən ABŞ–İran görüşü rəsmi nəticə açıqlanmadan bitsə də, siyasi məzmun baxımından kifayət qədər yüklü idi. Danışıqlar təkcə nüvə proqramı ilə məhdudlaşmadı, masaya İsrailin təhlükəsizliyi, regional balans və İranın Çinlə enerji əməkdaşlığı kimi daha geniş şərtlər çıxarıldı.

ABŞ tərəfinin sərt mövqeyi göstərdi ki, Vaşinqton bu mərhələdə İranla texniki kompromisdən çox, davranış dəyişiklikləri tələb edir və təzyiq alətlərini geniş spektrdə saxlayır. İran isə görüşü daha çox siyasi mövqe qorunması kimi təqdim etməyə çalışır. Xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti daxili auditoriyaya “geri addım yoxdur” mesajı verir, ABŞ tərəfi isə öz şərtlərinin qəbul olunmadığı halda nəticələrin ağır olacağına eyham vurur.

Bu ziddiyyətli açıqlamalar onu göstərir ki, Məskət görüşü konkret razılaşmadan çox, tərəflərin bir-birinin qırmızı xətlərini ölçdüyü, uzunmüddətli diplomatik qarşıdurmanın növbəti mərhələsi kimi yadda qala bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ