Aygün Cəfərova
Şair laylaya yatdısa,
adam satdısa,
yaşamaq ağlına batdısa,
ondan nə adam olar,
nə də şair, Əlisəmid."
Rəhmətlik Əlisəmid Kürə həsr etdiyi şeirində “Şair kimdir?” sualına cavab verən Gülnarə Cəmaləddin - təəccübləndirməyi bacarır.
Səssiz-səssiz,
için-için,
gözlərini qəfil yumdun,
Şair elə belə ölür, Əlisəmid.
Fərqliliyi və fərqindəliyi ilə Gülnarə Cəmaləddin... Bunu Əjdər Ol yaradıcılığı haqqında yazdığı xəyali müsahibə-yazısında da bir daha görmək olar.
Gülnarə Cəmaləddinin şeirlərində qadın ədası duyulmur. Tanrının qadın yaratdığı Gülnarə Camaləddində "Gülnarə"dən çox "Cəmaləddin" enerjisi, intonasiyası, baxışı, tövrü var. Bunun yaxşı və ya pis olduğunu müzakirə etmirəm, sadəcə duyduğum həqiqəti deyirəm. Adətən Şərq cəmiyyətində kişilər seçən, qadınlar isə seçilən olurlar. Qadınlar sığınan, kişilər isə himayə edən olurlar. Kişilər gözlənilən, qadınlar isə gözləyən olurlar. Bu təbii mənzərə yaradıcılığa da təsir edir, qadın şairlər təbiətin qanunauyğunluqlarına müvafiq şəkildə "Gəl", "hardasan", " ürəyim üzüldü, vəfasız, gəlməz oldun, gələcəkdin, gəlmədin", qısqanclıq təranələri fonunda, ən kritik halda ümidi üzüləndə bədii qarğışa keçər, ya da depressiyadan çıxandan sonra "nə sənə qız qəhətdir, nə mənə oğlan, qaragilə" dalğasında mətnlər yazarlar. Etiraf edim ki, bu dediyim təbiət hadisələrini mən özüm də şeirlərimdə lirik qəhrəmanımın başına gətirmişəm... Amma Gülnarə Cəmaləddində belə mətnlərə çox, çox az rast gəlmək olar. Yəqin səbəb budur ki:
"Sənə elə gəlir
Sevirəm səni
Sevgi sözü ən müdhiş yalanıdı
Mən yaşadığım dünyanın”
Amma bu sualı məndən əvvəl kimsə Gülnarə xanıma ünvanlayıbmış kimi belə bir şeir-cavabı var onun:
"Mənim sevgi yaşımda
yağmalandı məmləkətim
əsir oldu
ümidlərim,
arzularım.
Qırmızı tabutda güldü
qara bəxr üzümüzə.
Mən o yaşda
sevgi nəğmələri oxumalıydım,
bəyim!
Oxumadım.
Yağmalanmış vətənimin fəryadını dinlədim.
Güllələnmiş bayrağımı
gülə tutdum.
Ağlamadım,
inləmədim.
Üsyan dolu şeir yazdım
sevgi,
həsrət nğmələri dinləmədim.
Mənə güc verdi o yaşda
düşmən məfhumunu anlamağım.
Mən o yaşda
duymalıydım
gəncliyin dadını.
Duymadım,
bəyim,
duymadım.
Hər ölən əsgərlə ölür
müharibə dövrünün qadını!"
Və beləcə başqa bir şeirindəki kimi: “Eşq, sevgi, filan son kadrıydı uşaqlığımızın”.
Bir də deyiləcək və deyilməyəcək sözlər var. Düşünürəm ki, onun yaradıcılığında sevgi lirikasının oxucuları insanlar deyil, ağaclar, buludlar, otlar, çiçəklərdir - sirr saxlaya bilənlərdir. Yoxsa Gülnarə xanım sevgi şeirlərinin də ən gözəlini yazıb:
"Hərdən səni yada salıb,
Zülüm-zülüm darıxıram.
Sən mənim azım, çoxumdun,
Azım üçün darıxıram.
Sən mənim varım, yoxumdun,
Yoxum üçün darıxıram.
Gəlmə, oynatma yenidən,
Ürəyimin güman yerin.
Səndin axı ürəyimin uman yeri,
sənin üçün,
Darıxıram".
Çoxluq üçün oxumağa icazəli şeirləri əsasən fəlsəfi, yəni insanları düşündürən, tərbiyələndirən, fərqindəlik yaradan, xeyirə çağıran, yaxşı adam, yaxşı vətəndaş olmağa dəvət edən mətnlərdən ibarətdir. Fəlsəfi məna Gülnarə şeirini səciyyələndirən ən qabarıq əlamətdir.
Qapıları bağlama, gedən var.
Gedənləri saxlama, gələn var.
Bu iki misrada “Gedəni saxlamaq olmaz”, “Gedənlər olmasa gələnlər olmaz” kimi daşlaşmış həyat qənaətləri yada düşür. Aşağıdakı misralarda insan etibarının sarsıldığı anın poetik ifadəsi daha yenidir:
Elə bilirdim
səni beş barmağım kimi tanıyıram.
Sən demə,
beş barmağımı da tanımamışam.
Ölümlə tez tanış olub Gülnarə xanım. Acı həyatın "ayrılıq", "itki" kəlmələri tez görünüb onun dilində. Qardaş, ata, ana və elə ata-ana əvəzi olan bacı da itirib... "Nənəsi o taylı qızıydı. O da sinəsi bayatı, ağı doluydu. Ayrılığın əsil üzünü də hələ uşaq yaşlarından nənəsi tanıdıb ona" (Qalib Rəhimli,"Dərdin-qəmin ömrünü yaşayan Güllnarə Cəmaləddin", 27 yanvar, 2023, "FAKT").
Onu heç vaxt təsəlli etməyə gücü yetməyəcək "başsağlığı" niyyətli qonaqları erkən yaşlarından qarşılayıb həyətində, evində. Əvəzində isə bu ağır itkilər ona SÖZ bəxş edib. Elə bir SÖZ ki, onu eşidənlər, oxuyanlar, dinləyənlər heyran olur, dayanıb düşünür, bu fərqli Sözün məna aləmindən zövq alır, "əhsən" deyir. Gülnarə xanımın yazılarının birində oxumuşdum: "Dərddən bu cür intiqam almaq, dərdi bu şəkildə yandırıb yaxmaq, şairlikdir, ŞAİR işidir" (Sabir Yusifoğlunun 60 yaşına-"Qələm onun üçün müqəddəsdir", Manera.az")
Bəzən isə Gülnarə xanımın SÖZü güllə kimi dəyir hədəfə:
Əslində həyat da bir şərqidi -
içi əzablarla dolu.
Mən illərcə özümlə savaşdım,
amma qəhrəman ola bilmədim,(!!!- A.C.)
çünki bu savaşda
hər kəsin məğlub olduğunu
hamıdan tez anladım.
Və ya:
Hamını alıb aldadır,
Başı daima qaldadır,
Zəhərdi, amma bal dadır,
Özü kimi ilanmı var?
Min oyunu, min donu var,
Nə əvvəli, nə sonu var,
Nə səmti, nə də yönü var,
Özü kimi filanmı var?!"
Bu poeziya oxucunun insan kimi yaşadığı bütün ağrılarına şərik olur.
"Ağırdı
dost minnətini çiynində daşımaq
dost cənazəsindən.
Ağırdı
yalan qoxusu dolursa canına
udduğun bir udum havadan,
içdiyin bir içim sudan.
Gözlərin
yalandan alışırsa sevməyə,
Dodaqlar
yalandan alışırsa gülməyə.
Sinəndə ürək soyuyub dönürsə daşa,
Bacara bilirsənsə,
barışa bilirsənsə,
bu daş parçasıynan
YAŞA!"
Ağrılar tanış gəlir, o səbəblə də şeirlərdəki səmimiyyət, emosional təsir gücü oxucunun baxışlarını öz üzərinə cəlb edir. Onun işlətdiyi bir çox ifadələr Gülnarə Cəmaləddin poeziyasının bədii dilini özünəməxsus edir. Məsələn, "Atamoğlu, sən elə bilirsən ki lapdan düşüb ölür adam", "Kitab haqqı, Mən cənnətlik ola bilmədim, Tanrım", "Sarı yarpaqların cəsədinə and olsun", "Bütün sevənlərin Allahı eynidi, Dinləri ayrı olsa da", "Mələklərin göz yaşları axırdı yuxularıma", "Hamı səndən gizlədib, Daldaladı özünü", "Gəmirir ruhumu qəm güvə kimi", “Ölümüylə çiling-ağac oynayırdın”, “Aynalar belə, utandı riyakarlığımızdan, səmimiyyət rol oldu, məsumiyyət tamaşa” və sair... Şeirlərində terminlərin istifadə şəkli də maraqlıdır. Məsələn:
Başqa sivilizasiyanın adamıyam sanki,
kimliyim uyuşmur zamana.
Aksiom kimi yaşayıram həyatı.
Akkulturasiyaların modifikasiya olunmuş
şəklidi Yer kürəsi,
aqnoziya halındadır hər şey.
Kimlik soruşurlar haraya getsən,
bir kimlik qədər teorem deyil insan.
İlk baxışdan oxucu tərəfindən heç də birmənalı qarşılanmayan ifadə tərzidir. Sivilizasiya, akkulturasiya, modifikasiya, aqnoziya, teorem kimi anlayışların lirik mətndə “nə işi var”? – deyə düşünürük. Doğrudur, zamanla poetik nümunələrdə terminlərə rast gəlirik, xüsusilə də sərbəst şeir şəkli buna imkan verir. Amma bu parçada olduğu kimi sıx termin istifadəsi o qədər də tez-tez rast gəlinən hal deyil. Buna baxmayaraq, lirik parçadan dərin məna ortaya çıxıb. Şeirin izahı belədir ki, lirik qəhrəman özünü fərqli zaman və məkana aidmiş kimi hiss edir, özünü təsdiq çabasına ehtiyac belə duymur. Akkulturasiya fərqli mədəniyyətlərdən təsirlənmə, modifikasiya isə “uyğunlaşma, yenilənmə” deməkdirsə, Yer kürəsi poetik şəkildə artıq fərqli mədəniyyətlərin təsiri altında dəyişmiş bir şəkilə düşüb, əvvəlki mahiyyətini dəyişib. Aqnoziya – bütün orqanları olduğu halda, funksiyasını itirmək mənası ilə mətnin konteksində hər kəsin, hər şeyi görüb, eşidib duyduğu halda, baş verən olumsuzluqlara rəy bildirməyən, ədalətsizliklər, qanunsuzluqlar qarşısında səsini çıxarmayan bir cəmiyyətin halını ifadə edir. İnsanın dəyəri artıq mənəvi mahiyyətində deyil, statusunda məhdudlaşır. Beləliklə, terminlərlə zəngin mətn də olsa, düşünürəm ki, anlamı gözəl olan hər cür forma rəğbətə layiqdir.
"O, şeirləri ilə həm üsyan edir, həm də səssizcə dua edir. Oxucu onun dünyasına daxil olduqca, bu səsin sadəcə bir şairin deyil, kainatın dərinliklərindən gələn bir nida olduğunu hiss edir. Bəlkə də, həqiqi poeziya elə budur—insanı düşündürən, ruhuna toxunan və qəlbini ilahi bir işıqla dolduran". (Mənsurə Xələfbəyli "İlahi işıq – GÜLNARƏ CƏMALƏDDİN POEZİYASI", "Ədəbiyyat və incəsənət” sayt, 11.03.2025)
Çağdaş Azərbaycan fəlsəfi şeirində imzası sevilən şair Gülnarə Cəmaləddinin Türk dünyası ədəbi cameəsində də yeri və sözü var. Onun tərcüməçilik fəaliyyəti, türk qələm adamları ilə görüşlərin, seminarların təşkili də ayrı bir yazının mövzusu ola bilər. Rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin üzvlərinə qarşı qayğıkeşliyi də hər kəsin etiraf etdiyi bir həqiqətdir. Gənc müəlliflərə verdiyi məsləhətlər, lazım gəldikdə göstərdiyi dəstək onu həm də Bölmənin rəhbəri olaraq ehtirama ünvan edib.
Gülnarə xanım sözü kimi dürüstdür, həqiqidir, ucadır. Düşüncə adamı, ziyalı, vətəndaş olaraq Gülnarə Cəmaləddin Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsidir.
"Tanrının ən yaxın bəndələridi,
Özü təklənəndə bilir şairlər.
Şairçün ən böyük varlıq sözdü, söz
Sözə yüklənəndə ölür şairlər"
Siz Sözü yaşadın, sözünüz də Sizi yaşadır, Gülnarə xanım!