İnsanlaşmaq – mənalanmaq gözəlliyi


İşıqlı Atalı

Ürəyinizdə Ata Günəşi olsun.

İnsanlıq ümidini yaratmaq İnsanın öz əlindədir.

***

Ürəyin isti (ümidli) olması üçün ruhlu (İnamlı) yaşamaq gərək.

***

Gerçəkliyi ötən var olur.

***

Nəsə, yazarlarımızın çoxu sayırlar, sonluq faciə ilə bitməlidir. Ömürlərdən çıxış etsək, hə. Gerçəklik faciəvi olaylarla doludur. İdeallığa uyğun hallar az olur. Bəs sənət, ədəbiyyat nə üçündür? Gerçəkliyi ötməyən, mənalandırmayan ədəbiyyat zamanın balasıdır.

Zamana uyğun ədəbiyyat hamılaşmanı artırır.

***

Dünyaya gözümü açdığım, acılı-şirinli, fərəhli-kədərli günlərin mənasına ilk dəfə vardığım, səhərləri təbiətlə birgə oyandığım, gecələrinin sehrinə daldığım, Günəşində şəfqətini gördüyüm, yollarında özümü itirib-tapdığım, ormanlarının ülfətini, habelə kədərini yaşadığım, dağlarıyla vüqarlandığım, özümə daldığım, özümü tapdığım ilk, sirli-sehrli doğma ünvanım - kəndim...

***

Özünü yaratma özünü dəyərləndirmədən başlayır. Yaradıcı düşüncəni yalnız kitablarda göstərilə bilən imkan saymışıq. İnsanın xırda sayılan davranışları özü tərəfindən belə mənalandırılsa, həyatı ardıcıl mənalanar, bu, başqalarının da həyatını mənalandırar.

Həyatı (yaşamı) gözəlləşdirmək imkanımız həmişə var...

***

Ulusallıq duyğumun ilk qaynağı xarakterimdən boy alır; bu, soy genimdir - ulusallığımdan köklü nişan verən...

Bizi mənən güclü edən ulusal, insançı dəyərlərimizdir – bu hikmətin sabahkılarımızda canlı, yaşarı olması diləyilə...

***

İnsanın qüdrəti - özüylə dost olmasıdır: öz gözündən düşməmək, özünəinamı itirməmək! İnsandakı “çatışmayan nəsə” özünə yetmək ehtiyacıdır ki, heç nə onu əvəz edə bilmir. Özünə yetmək – insanın özüylə üz-üzə qalması, insani imkanlarını aşkarlaması, var etməsidir.

***

Mənəvi Turançılıq ideyası üstə köklənmək gərək.

Mənəvi Turançılığın mayasında Türklüyün Özümlüyü – bənzərsizliyi dayanır, dayanmalıdır. Dünyanın – Bəşərin idrakının çaşqın vaxtında özümüzə və Bəşərə deməyə Mütləqə İnam adlı dünyabaxışımız var.

***

Mənalanmış İnsan - Var olandır.

***

Təbiətdən gözəl təbiətin mənasıdır ki, insan onu ruhuyla görə bilir.

***

İnanmadan anlamaq (dərk etmək), habelə anlamadan inanmaq olmur.

***

Bədbinlik yaradan tənhalıq - tənhalıq deyil əslində, ümidsizlikdir. Düşünə bilən, gerçəkliyi aşmaq qüdrətində olan İnsan üçün nikbinliyin mayası İnamdandir.

Təkliyə yetən içinin tükənməz imkanlarına yetir. Təkliyə yetməyən İnsan Birliyinə yetə bilməz.

Ruh həminkidir.

***

İnsani əməllər zamandan üstündür, ölümsüzdür...

***

Mənəvi həkimlik - Ruhunun imkanlarını - İnsanlığını aşkarlamaq.

***

Vətən ucalığında yaşayan Şəhidlərimiz, hər an bizimləsiniz.

***

İnanmadan anlamaq (dərk etmək), habelə anlamadan inanmaq olmur.

***

Yadlıqlar, qeybətlər, rəqabətlər insanları tükədir...

***

Sədaqətli olmaq həm də ləyaqətli, səadətli olmaqdır...

***

Bədbinlik - Yerdir, Nikbinlik-Göy.

***

Adam özüylə üz-üzə qalmaqdan niyə qorxur? Ona görə ki, içində özü yoxdur, özgəsi var.

Əslində içi yoxdur...

Yalnız özümlüyünə - İnsanlığa yetənin içi var.

İç-dəyişməzlikdir. Dəyişən iç olmur...

***

Ruh - İnsanın özümlüyüdür, İnsan ruhsal imkanlarını aşkarlayır, özünü yaradır, var olur.

Məna sonsuz olduğu dərəcədə İnsanlıq imkanları da sonsuzdur.

Özünə üz tutmaq.

“Heç kəsim yoxdur” - deyirsən. Bəs özün Kəs deyilsən?" - İnam Ata (Asif Ata)

***

“Ölülər” mahiyyətcə tragikomediyadır: həyat hadisələrini yüksək sənətkarlıqla ümumiləşdirib belə bir əsər ortaya qoymaq gerçəkdən hünər idi. Şübhəsiz, əsər hələ uzun müddət aktuallığını saxlayacaq. İnsanın düşdüyü durum komediya halını yaradır, ancaq burada həm də faciəvilik var. C.Məmmədquluzadə bütövlükdə cəmiyyətin psixologiyasını ayrıntılarına kimi açır, obrazlarının daxili aləmini (avamlığa qapılma, qatılma – içində olduğu faciəni sonda da yetərincə anlaya bilməmək) ustalıqla göstərir.

Şeyx Nəsrullah cəhalətin, geriliyin, insan minsifətliyinin, avamlığın, mövhumatın sonucu – acı ifadəsi kimi meydana çıxır. Mirzə Cəlil insanı özü olmağa, dərindən düşünməyə çağırır.

***

Əgər fikrin Əbədidirsə, onda Ruhun niyə solsun? Ruhun fikrindədir axı?

Əgər Əməlin əbədidirsə, onda Ruhun niyə solsun? Ruhun Əməlindədir axı?

Əgər xatirən Əbədidirsə, onda Ruhun niyə solsun? Ruhun Xatirəndədir axı?

***

Torpaq fiziki sonu ifadə edir, rəmzləşir, Bədən ölümlüdür, ancaq insani əməlin, Ruhun sonu, ölümü yoxdur.

***

Ruhlu olmaq gözəlliyi. Fərəhini yaratmaq gözəlliyi...

***

Ötən yay Kalvanın Şiş dağına çıxdım. Dağ ucalığından Doğaya baxmaq gözəldir: Göyə, Günəşə, Buludlara bir addım da yaxınlaşırsan. Ancaq hər an içində Doğa varsa, elə Dağlasan, Göyləsən, Günəşləsən...

Dağlı meşə çox doğmadır İnsanın Ruhuna: sakitdir, səndən heç nə istəmir, sənə dünyanı verir.

Dağın qüdrəti var, Meşənin pünhanlığı, Günəşin şəfqəti, Göyün əlçatmazlığı, ruhuna yetdiyində o ucalığa da yetmək imkanın yaranır; fiziki yetmək diləyi turizm əyləncəsi olur əslində. Əgər hər yana gedəcəksənsə, özünlə üz-üzə qala bilməyəcəksən.

İnsanların kəndlə, Doğayla bağlılığının çox zaman üzəvari olması faciəvilik yaradır.

Dünyaya gəldiyim kəndimin Doğasını yenidən tanıyanda özümü tanıdığım dərəcədə dünyanı tanıyıram bir daha.

Bu gedişdə mənimlə yol yoldaşlığı edən qohumum, kəndçim Maliklə doğma söhbətim oldu. Onun kəndə, Doğaya bağlılığı fitridir.

Doğa öncəki olmasa da halını qoruyub saxlayıb. Doğaya ruhsal yanaşaq ki, özümüzü ardıcıl var edə bilək.

Vəhşiliyin bütün çalarları adamın üzdəki olanıdır. İçinə vara bilsə, İnsanlığını görəcək...


MANŞET XƏBƏRLƏRİ