VƏTƏN – SƏNSƏN. Özündən ayrı yaşaya bilməzsən


Ulus necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neyləyək ki, bu amansız çağda ulus, dövlət kimi var olaq, əbədiliyimizi yaradaq? Ulus olmağın qaçılmazlığına yetmək gərəkdir. Ulus – yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən ulusunu da yaradır, var edir.

Ulusal birlik ömürlərdə ağac kimi bitməlidir. Azərbaycanın ulusal dəyərləri bəşəriliyi tam ifadə etdiyinə görə hər bir yurddaşımızın bu əsasda da Azərbaycana yanaşması, onu sevməsi həmrəylik üçün daha ciddi əsaslar yarada bilər.

Ulusal dəyərlərimiz Zərdüştlüyümüzlə, Babəkliyimizlə, Dədə Qorqudluğumuzla, Hürufiliyimizlə, Füzuliliyimizlə, Muğamlığımızla, Sazlığımızla sıx bağlıdır.

Birlik – fərdin içindən başlayır. Ulusal mahiyyətimiz üstə yaşamaq bizi var edər.

İnsanı da, Ulusu da var edən ulusal ruhdur. İnsan da, ulus da ruhsal olaydır. Yoxsa Dədə Qorqudları, Babəkləri, Nəsimiləri, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, ulusal təsdiqimizi onlarda tapmazdıq...

Vətənin kutsallığı (müqəddəsliyi) var, çox zaman sözlə ifadəsi mümkün olmayan. Vətən – insanların birliyini yaradır, İnsan Vətənində var olur. Vətən – İnsanın mücərrəd bəşərilikdən ötə, var olduğu Eli – Torpağı hər şey saymasıdır. Əslində bu sevgi elə Bəşəriliyin təsdiqidir. Təsadüfi deyil ki, İnam Ata yurdu kutsallaşan torpaq sayır.

İnam Atanın (Asif Atanın) Vətənlə bağlı fikirləri Azərbaycan sevgimizin, Vətən adlı ülvi məskənin hər şeydən uca olmasının mahiyyətini bizə çatdırır.

İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

VƏTƏN – SƏNSƏN

VƏTƏN – SƏN

I

Vətən – sənsən.

Özündən ayrı yaşaya bilməzsən!

Həyat sənə yad ola bilər, Vətən həmişə doğmadır. Çünki özünə yad

ola bilməzsən!

Vətəndən ayrı yaşayan – özündən ayrı yaşayır.

Tək qalanda belə, Vətənləsən.

II

Maddi mənafe qurtarır – Vətən yaranır.

III

Torpaq Müqəddəsləşir.

Tarix Müqəddəsləşir.

Əcdad Müqəddəsləşir.

Adət Müqəddəsləşir.

IV

Vətənə Mütləq İnam doğur – Vətən yaranır.

V

Vətən dərdlisi olursan.

Vətən qəhərlisi olursan.

Vətən qeyrətlisi olursan.

Vətən həyanı olursan.

Vətən dayağı olursan.

Vətənə gərək olduğun dərəcədə özünə gərək olursan.

VI

Hamı Vətənli olmur.

Vətəndə Vətənsiz yaşayanlar var.

Vətənlə bir olmurlar.

Özləriylə bir olmurlar.

Özgələşirlər.

VII

Özgələşən – eybəcərləşir. Şərləşir.

VƏTƏN – MADDİYYAT – RUHANİYYAT

Vətənin Meşəsini sevirsən.

Təkcə odun qalamaq üçün yox.

Odunsuz da keçinmirsən.

Ancaq Vətən – Meşə Müqəddəsliyidir, Meşə faydası deyil.

Vətənin Çayını sevirsən.

Təkcə çimmək üçün yox.

Çimməksiz də keçinmirsən.

Ancaq Vətən – çay Müqəddəsliyidir, Çay faydası deyil.

Vətənin Düzlərini sevirsən.

Təkcə Maddi bəhrələnmək üçün yox.

Maddi bəhrəsiz də keçinmirsən. Ancaq Vətən – Düzlər

Müqəddəsliyidir, Düzlər faydası deyil.

Vətənin insanlarını sevirsən.

Təkcə Maddi yararlıq üçün yox.

Maddi yararlıqdan da keçmirsən. Ancaq Vətən – İnsan yararlığı yox,

İnsan Müqəddəsliyidir.

Vətəndə – Maddi Müqəddəsləşir.

NAŞILIQ – MÜDRİKLİK

I

Naşı Həyatı hər şey sayır, Müdrik – Amalı.

Naşı Həyatdan artıq heç nə görmür, Müdrik həyatdan artığına can

atır.

Naşı naqisliklə barışır, Müdrik Kamillik arayır.

Naşı nisbini Mütləq sayır, Müdrik nisbini Mütləqə yüksəldir.

Naşı Həyatda dayanıb qalır, Müdrik Həyatı arxasınca aparır.

Müdrik Həyatdan keçə bilir, çünki onun Həyatdan başqa Amalı

var.

Naşı Həyatdan keçə bilmir, çünki onun Həyatdan başqa heç nəyi

yoxdur.

II

HƏYATDAN KEÇİRƏM – VƏTƏNDƏN KEÇMİRƏM.

– Vətən – Həyat deyilmi?!

– Vətən Həyatdan artıqdır.

Həyatdan keçirəm – Xalqdan keçmirəm.

– Xalq – Həyat deyilmi?!

– Xalq Həyatdan artıqdır.

Həyatdan keçirəm – Bəşərdən keçmirəm.

– Bəşər – Həyat deyilmi?!

– Bəşər Həyatdan artıqdır.

Vətən – Amaldır,

Xalq – Amaldır,

Bəşər – Amaldır.

MİLLƏT – BƏŞƏR

I

Millətimlə – doğmalığım var.

Bəşərlə – birliyim.

İnsanlığımda birliyim doğmalaşır.

II

Bəşəri Millətimdən kənarda axtarmıram.

Millətimə baxıram –bəşəri görürəm.

Millətimə yarayıram – bəşərə yarayıram.

Qapı-qapı düşüb bəşər axtarmıram.

Bəşər yanımdadır.

III

Millətimin dərdi – bəşərin dərdidir.

Millətimə əlac tapıramsa – bəşərə də əlac tapıram.

IV

Bəşərilik – əslində insani doğmalıqdır.

Millətimdə bəşər mənim üçün doğmalaşdı.

Bunsuz Mən özümə yadam,

Bəşərə yadam.

V

Nə qədər millətim var – Mən varam, Doğmalığım var, Bəşəriliyim var.

VI

Millətim yaşamasa, “sürüləşən bəşərə” qarışsa – Mən Yoxam,

Doğmalığım Yoxdur, Bəşəriliyim Yoxdur; Özümə Yadam, Bəşərə

Yadam; Köməksizəm! Gərəksizəm!

VII

Millət ölən günü Doğmalığım öləcək!

Bəşəriliyim öləcək!

VIII

Qorumalıyam millətimi.

Özüm üçün. Bəşər üçün.

IX

Bəşər – doğmalar birliyidir.

Millətlər ölsə Yadlar birliyi yaranacaq.

Bu, bəşərin ölümüdür.

Bəşər üçün Millətimi qoruyuram!

Özüm üçün Millətimi qoruyuram!..

ÖZÜMÜNKÜ – ÖZGƏNİNKİ

I

İnsanlığa doğma olan nə varsa – özümünküdür.

İnsanlığa yad olan nə varsa – özgəninkidir.

II

“Özümünkü mənə yaddır, özgəninki mənə doğmadır” – deyən özgəyə

də yad olur.

Özünə yaramayan özgəyə də yaramır.

III

Özümünkü – yəni İnsanlığa yarayan, ancaq Mənim daxilimdə

yaranan!

Xalqımın bətnində yaranan!

Ən doğma, ən əziz!

IV

Özümünkü – yəni özümlə tən olan, bir olan, özümdən ayrılmağı

mümkün olmayan, sifətim kimi, gözüm kimi!

V

Özümünkü – yəni İnsanlığa doğma olanlar arasında Mənim üçün ən

doğması, istəklisi, gərəklisi!

VI

Özümünkü – yəni bəşər vadisində Mənim bənzərsiz Mövcudluğum!

VII

Özümünkü olmayan yerdə hər şey yadlaşır.

Özümlüyün Məğlubiyyəti – özgəliyin qələbəsidir.

Özümlük itərsə – bəşər özgələşər.

İRƏLİLƏMƏ – GERİLƏMƏ

Bəşəri sürülüyə sürükləyirlər və bunu misilsiz irəliləmə sayırlar.

Sürü şüuruna arxalanırlar – Elmlikdən dəm vururlar.

Sürü instinktini bərpa edirlər və Fəlsəfi çevrilişdən danışırlar.

Geriyə üz tuturlar – irəli gedən bilinirlər.

ƏXLAQ – CƏMİYYƏT

Cəmiyyəti İnsansızlıq Bəlasına salan əxlaqsızlıqdır.

Cəmiyyəti İnsansızlıq Bəlasından Əxlaq xilas edəcək.

Cəmiyyətçilər Əxlaqdan çəkinirlər, cəmiyyətə Əxlaqi münasibəti

bəyənmirlər.

Əslində Cəmiyyətin Əxlaqdan başqa xilaskarı yoxdur.

BAŞLAMAQ – BAŞLANMAQ

Təzədən başlamaq lazımdır.

Məhəbbəti.

Dostluğu.

Qeyrəti.

Kişiliyi.

Qadınlığı.

Evladlığı.

Təzədən başlanmaq lazımdır.

XALQ

Xalq – Ruhdur, Təzahürdən – cəmiyyətdən artıqdır, böyükdür, yüksəkdir!

Xalq – Əbədidir, cəmiyyət – keçicidir!

Xalq – Sonsuzdur, cəmiyyət – sonludur.

Xalq – Kamildir, cəmiyyət – qeyri-kamildir.

Xəlqi İdrak – ictimai idrakdan artıqdır, böyükdür, yüksəkdir.

Çünki ictimai idrak – keçicidir, sonludur, qeyri-kamildir.

Ancaq Xəlqi idrak – Əbədidir, Sonsuzdur, Kamildir.

Xəlqi Mənəviyyat – ictimai mənəviyyatdan artıqdır, böyükdür, yüksəkdir.

Çünki ictimai mənəviyyat – keçicidir, sonludur, qeyri-kamildir!

Ancaq Xəlqi mənəviyyat – əbədidir, sonsuzdur, kamildir.

Xəlqi İradə – ictimai İradədən artıqdır, böyükdür, yüksəkdir.

Çünki o, əbədidir, sonsuzdur, kamildir, ictimai iradə isə keçicidir, sonludur, qeyri-kamildir!

Bu səbəbdən də Xəlqi İradə ictimai iradəyə sığmır, ondan kənara çıxır, onun üzərində yüksəlir.

Cəmiyyət Xalqa bərabər görünməyə çalışır və bununla da insanı aldadır!

İctimai İdrak Xəlqi İdraka bərabər görünməyə çalışır və bununla da insanı aldadır.

İctimai Əxlaq Xəlqi Mənəviyyata bərabər görünməyə çalışır və bununla da insanı aldadır.

İctimai İradə Xəlqi İradəyə bərabər görünməyə çalışır və bununla da İnsanı aldadır!

Nisbi – Mütləqə bərabər ola bilməz.

Ata Ayı, 7-ci il. Bakı (Sentyabr 1985-ci il).

XALQ RUHANİ XİLQƏT OLDUĞUNDAN KAMİLDİR, ƏBƏDİDİR, SONSUZDUR

O, fərdlərin adi cəmi deyil, yalnız məkan birliyinə əsaslanan birlik deyil, keçici hadisə deyil. Bu səbəbdən də xalq həyatı hadisəsi var. Xalq mənəviyyatı hadisəsi var. Xalq idealı hadisəsi var. Xalq idrakı hadisəsi var. Xalq ölməzliyi hadisəsi var. Xalq həyatı – ruhaniliyi, Mütləqi ifadə edən həyatdır.

İnsanların daxili dünyasında Mütləq ideyası yarananda xalq yaranır. Həmin ideya xəlqi birliyi təsdiq edir. Birlik cismani, bəsit, maddi keyfiyyət kimi yox, müqəddəs, əbədi, əvəzsiz keyfiyyət kimi təzahür edir. Maddi birlik əsasında xalq yox, insan cəmi peyda olur. Çünki burada həmin cəmi müqəddəsləşdirən ruhanilik yoxdur.

Birlik maddi faydalığa əsaslananda xalq yaranmır. Birlik – müqəddəsliyi, ruhaniliyi ifadə edəndə, insanların mənəvi aləmində yaşayan Mütləqə can atmaq duyğusunu aşkara çıxaranda, fərdlər arasında ülvi əlaqələr bərqərar olanda – xalq yaranır. Bir sözlə, birlik insanın əlamətini yox, mahiyyətini, ölümlüyünü yox, ölümsüzlüyünü, keçiciliyini yox, əbədiliyini təsdiq edəndə – xalq yaranır.

Həmin varlıqda fərdlərə xas olan ruhani məna hərtərəfli və parlaq şəkildə aşkara çıxır.

Xəlqi birlikdə insanlar sadəcə bir yerdə yaşamırlar, bir tərzdə yaşayırlar

Bir tərzdə yaşamaq o zaman zəruri olur ki, o, insanların dərin ruhani tələblərini ödəsin. Bir sözlə, xalq həyatı Mütləqi təsdiq edən birlikdir. Bu səbəbdən də o, müqəddəsdir, yəni qeyri-adi dərəcədə qiymətli, xeyirli, zəruridir. Bu səbəbdən də o, özündə ölümsüzlüyü, kamilliyi və sonsuzluğu yaşadır. Bu səbəbdən də burada maddiyyat ruhaniləşir.

Xalq mənəviyyatı Mütləqin tələbinə uyğun özünü kamilləşdirmə ehtiyacının təzahürüdür. Xalqın ideal saydığı, can atdığı xeyir sonsuzdur, əbədidir, kamildir. Bu səbəbdən də onu həyata keçirməyə can atan xalq öz gerçək imkanlarından kənara çıxır, bir vəziyyətdə dayanmır, artır, böyüyür, müqəddəsləşir, Mütləqə yaxınlaşmağa səy edir.

Ədalət əbədidir, sonsuzdur, kamildir, nöqsansızdır, bu cəhətdən onu həyata keçirməyə çalışan, ona can atan xalq özündə qalmır, Mütləqə yüksəlməyə can atır.

Xeyiri, ədaləti həyatının mənasına çevirməklə, xalq ölməzlik qazanır. Xalq ölmür, çünki həyatını ölməzliyə həsr edir. Xeyir, ədalət ölməz olduğundan, onlara həsr olunan həyat da ölməzdir. Bu nöqteyi-nəzərdən, xalq həm də bəşəriyyətin ifadəsidir.

Xalqdan və xalqlardan kənar bəşər yoxdur. Bəşərdə ali, yüksək, böyük, möhtəşəm nə varsa, xalqda aşkara çıxır. Bəşər adlanan toxum özünü xalq adlanan bitkidə təsdiq edir. Bitki yoxdursa, deməli toxum ölüb. Xalqlardan təcrid olunmuş bəşər – ölü toxumdur. Bəşəriyyətin salamatlığı xalqın salamatlığıdır.

Xalqsız bəşəriyyət – ölü bəşəriyyətdir. “Xeyiri, ədaləti bəşəriyyət bir cür, konkret xalq isə başqa cür ifadə edir” – fikrində ciddi yanlışlıq var. Əslində bəşər Mütləq sərvətləri yalnız və yalnız xalq vasitəsiylə təsdiq edir, Bəşər öz idraki qabiliyyətini xalqlar arasında hissə-hissə paylamır, o, xalqda öz keyfiyyətlərini bütöv şəkildə büruzə verir. Bu cəhətdən xalq ilə bəşər arasında elə bir fərq yoxdur.

Xalq elə bəşərdir. Bəşər elə xalqdır. Buna görə də xalq idealı həm də bəşər idealıdır. Hər ikisində ruhanilik təsdiq olunur.

Xalq idrakı həqiqəti dərk etməyə can atır, həqiqət – Mütləq səciyyəlidir.

4-cü il (1983)


MANŞET XƏBƏRLƏRİ