Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV yazı

İlk baxışda, zahirən Hüseyn Cavidin “Yeni həyat”, yeni “dini-həyat” dedikdə, Sovet kommunistlərinin “sovet həyatı”nı nəzərdə tutduğunu güman etmək olar. Çünki həmin dövrdə məhz bu cür təbliğat aparılır, imperiyanın hər tərəfində olduğu kimi, Quzey Azərbaycanın aydınlarından da bu tələb olunurdu. Bu prosesə Caviddə cəlb olunmuşdur ki, o da, “Azər” poemasında zahirən yeni “sovet həyat”ını, əslində isə özünün istədiyi, arzuladığı “yeni həyatı” ortaya qoyurdu. Başqa sözlə, Cavid əslində Sovet Azərbaycanından öncə yeni bir həyatın təbliğatçısı idi, ancaq o dönəmin şərtləri altında düşüncələrini ifadə edirdi. Artıq Sovet Azərbaycanında 27 aprel işğalınaqədərki şərtlər olmadığı üçün, indi də yeni şərtlərə görə eyni həyat fəlsəfəsini yazırdı. Bizcə, Cavid üçün yeniləşmə, yeni həyat fəlsəfəsi şərtlərə görə, zahirən dəyişsə də mahiyyət etibarilə dəyişməz olaraq qalırdı. Başqa sözlə, Cavid üçün Tanrı nə ruhanilərin, nə kommunistlərin, nə də liberalların anladıqları Tanrı deyildi. Bunu, o, əvvəllər də dəfələrlə ifadə etmişdir. Sadəcə, yeni şərtlərlə dinlərdəki Tanrını tamamilə inkar edən sovet cəmiyyətinin özü yeni Tanrı, yəni fəhlə-kəndli cəmiyyətinin istədiyi “Tanrı” formalaşdırırdı ki, Cavid belə bir Tanrını qəbul edə bilməzdi. O, dinlərdəki Tanrını özəlləşdirən ruhanilər kimi, kommunistlərin də “kommuna” adlı “Tanrı”sını qəbul etmirdi. Çünki riyakar ruhanilərlə riyakar kommunistlərin istədikləri əsas hədəf gözəgörünməz Tanrı, ya da “Kommuna-Tanrı”” adları altında yağmaçılıqdır, qəsbkarlıqdır. Bu baxımdam Azərin üzünü tutub allahlı “Şeyx”ə dedikləri, eyni ilə allahsız “Kommunist”ə (əslində isə Kommuna “Tanrı”lı ateistə) də aid idi:

Yaşatan varsa iştə xilqətdə,

Mədə... həp mədə... həzrəti-mədə...

Baq, həqiqət də, bəlkə haq da budur,

Səni hər kim doyursa Tanrın odur.

Din için, firqə, ya siyasət için

Nerdə bəslənsə bir ədavət, kin,

Nerdə qan, ya ölüm, ələm görsən,

Buna yalnız sənin mədən...[1]

Azərin dili ilə Cavid açıq şəkildə deyirdi ki, artıq “göylərin hekayəsi”ni bir qırağa qoyub yerin gerçək “hekayəsi”ni öyrənmək lazımdır. O, yazırdı ki, yer də, yerdəki cəhənnəm və cənnət də daha gerçəkçidir, çünki onları özümüz öz əllərimizlə yaradırıq:

Şeyxim, aldatma xalqı, dinlə bəni,

Bütün əfsunlu sözlərin xülya...

Gəl bıraq göylərin hekayəsini,

Enəlim kəndi doğma yurdumuza.

Burda cənnət də var, cəhənnəm də,

Onu, yoq şübhə, bizləriz yaratan.

“Cifə” zənn etdiyin şu aləmdə

Başqa zevq almaq üzrə insan hər insan.

Kimi cəhl atəşində qavrularaq,

Həp yanar, qəhr olur səfalətdən.

Kimi irfanla şadkam olaraq,

Dəm vurur nəşədən, səadətdən.[2]

Beləliklə, Cavid belə qənaətə gəlirdi ki, könülü cənnət istəyən cəmiyyət dini əfsanələri bir kənara qoyub bu dünyanın özündə məscidləri, kilsələri, sinaqoqları məktəblərə, kitabxanalara çevirməli­dir. Onun fikrincə, yaınız mərifətli, bilikli bir cəmiyyətdə cənnəti yaratmaq; şərəf və qürurla yaşamaq mümkündür. [3] Əlbəttə, Cavidin bu dediklərində xeyli dərəcədə həqiqət olmaqla yanaşı, elmlə, biliklə yəni maariflənməklə hər şeyin öz həllini tapacağına ümid etmək də doğru deyil. Biz bunu, maariflənmiş sovet cəmiyyətində də gördük. Deməli, əsas problemi yalnız hərf tanımaqla, ya da müxtəlif kitablardan müxtəlif biliklər almaqla həll etmək çox zordur. Bu, yəni bütün cəmiyyətin hərf tanıyıb maariflənməsi ən yaxşı halda, insanlıq yolunda gediləcək yolun başlanğıcı ola bilər. Ancaq işin çox çətin olanı insanlıq fəlsəfəsinin bütün insanlar tərəfindən qəbul edilməsidir. Yəni müharibə yox sülh olsun, şər deyil xeyir olsun, nifrət deyil sevgi olsun deməklə, insanlıq fəlsəfəsi olmur. Çünki insanlıq fəlsəfəsinin özü elə bütün bunları: sülh üçün savaşmağı, sevgi üçün nifrəti öldürməyi, xeyir üçün şəri dəf etməyi tələb edir. Bu zaman da məlum olur ki, insanlar da, cəmiyyətlər də Tanrılardan, dinlərdən, Ədalətli cəmiyyətdən, Demokratiyadan, Sosializmdən çıxış edərək bu ikili mübarizələrdə məhz özünün doğru yolda olduğunu iddia edirlər. Caviddə bu cür ziddiyyətləri göstərərək, bir çox hallarda sülh deyənlərin əslində müharibə üçün, müharibə deyənlərin isə əslində sülh üçün çalışmaları kimi qəribəlikləri ifadə etmişdir:

...Əvət, insan olursa insanlar,

Şübhəsiz, parlayıb da vicdanlar

Sevgi nurilə kainatı bəzər,

Bıraqıb kini, qurt qoyunla gəzər.

Bəlli... Ta əskidən böyük başlar

Sülh üçün uğraşıb çalışmışlar.

Çıqaraq hərbə qarşı ürəfa,

Əbədi sülh içində buldu şəfa.

Kimi “qan-qan!..” deyib də çıldıraraq,

Sülhə düşman kəsildi, iştə məraq...[4]

Bir sözlə, Cavidin təbrincə desək, “insan olursa insanlar” kainatda sevgi, ədalətlilik, bərabərlik hökm sürər. Bu isə heç bir zaman olmamışdır, bu gün də gerçək deyil və görünən odur ki, gələcəkdə də olmayacaq. Ən yaxşı halda ayrı-ayrı cəmiyyətlərdə bu olmuşdur, indi də bəzi cəmiyyətlərdə az-çox var, gələcəkdə də hansısa toplumlarda olacaqdır, deyə bilərik. Ancaq yenə də Cavid ümid edir ki, ağıl insanın rəhbəri olsa, nə zaman müharibə, nə zaman sülh etməyin yerini bilsə insanlıq qalib gələcək. Başqa sözlə, qüvvəti ağıl ilə idarə etməklə digər yalançı, zərərli ideyaları aradan qaldırmaq mümkündür. O, yazırdı:

Bən derim: “Həpsi laf, inanma saqın!

Rəhbər olsun da qüvvətin, ağlın.

Yeri gəldikdə sülh üçün çabala,

Öylə yer var ki, hərbi alqışla.

Quzu gördünmü sev, o, kin bilməz;

Canavar qarşı gəlsə parçala, əz.

Qüvvət üstündə varsa əqli-səlim,

Sana kainat olur təslim”.[5]

Cavidə görə, ağıllı insan üçün önəmli olan “yaşatmaq” ideya­sıdır, “yaşatmamaq” yox. Onun fikrincə, insanın yonulmuş heyvan, meymun hesab olunmasında müəyyən həqiqət payı olsa da, ancaq bunu tam eyniləşdirmək də doğru deyil. Çünki insanın zəkası var, ancaq bu zəkanı hansı məqsədə xidmət etməsi məsələsi də istisna olunmamalıdır. Cavid yazırdı:

İnsan yonulmuş bir heyvan olsa da,

Endirilməz hiçə ondakı zəka.

O yalnız düşünməz, düşündürər də,

Kəşf edər gündə bir qaranlıq pərdə.

Hər gün beynində bir yıldırım çaqar,

Dilərsə bir anda bir cihan yıqar.

İnsan pək tuhafdır, o hər şey yapar,

Onda yaşatmaq da, yaşatmaq da var.

“Yaşatmam, yaaşrım” deyən səfillər

Qan içən vəhşilər yolunu izlər.

Sən nə mələksən, nə də bir qaplansın:

Nə gülsün, nə dikən... yalnız insansın.

Çalış, parla, yüksəl! Unutma ancaq,

Yaşamaq bir haqsa, yaşatmaq da haq!.[6]

Beləliklə, Cavidə görə, ağıllı insan həyat və ölümün mənasını vaxtında anlamalı, heş bir şeydə ifrata varmamalıdır. Bir sözlə, insan bilməlidir ki, bəzən yaşamaq kimi, ölmək də xoşbəxtlikdir. Sadəcə, hər bir şeydə anlam olmalıdır. O, yazırdı:

Ölüm var ki, həyat qadar dəyərli,

Həyat var ki, ölümdən də zəhərli...

Yaşamaq da xoşdur, ölmək də xoşdur,

Qayəsiz həyatda ölüm də boşdur.

Hər sönük eşq üçün üzülmək fəna,

Dar gəlməsin dünya genişkən sana.

Er-gec məzar alır bizi qoynuna,

Uyma, saqın, vaqtı gəlmədən ona.[7]

Cavidə görə, insan ancaq böyük bir eşq üçün hər şeyi gözə ala bilər. Bunun üçün insan ali bir idealın daşıyıcısı olmalı, nəfsinə xor baxan qəhrəman olmalıdır. Cavid yazırdı:

“Ölüm də xoş...” dedim, qapılma hissə,

Böyük bir eşq üçün lazım gəlirsə,

Nəfsinə xor baqan bir qəhrəman ol,

Haqq çin başından keçən insan ol!

“El için ağlayan göz kor” olsa da,

İnanma, arqadaş! O, boş bir səda!

Xayır, xudkam olub sapma dar yola,

Həp el için ağla, el için sızla!

Ağla demək – çarpış, vuruş deməkdir,

Ağlamaq insana miskinlik verir.

Bir eyilik yapsan ıssız yurduna,

Haq da, həqiqət də göz önündədir,

Yer altında deyil, yer üstündədir.

Bəxtiyarsan, əgər çəkdiyin əmək

Cihan sərgisinə versə bir çiçək.[8]

Cavid bir tərəfdən hər adətin köhnəlmiş, çürümüş hesab olunub atılmasının da, hər yeniliyə də mədəniyyət deyilib qəbul olunmasının da əleyhinədir. Bir sözlə, köhnə adətlərlə yeni adətlər məsələsində ifrata varmamaq üçün insan doğru seçim etmək iqtidarında olmalıdır. O, yazırdı:

Dəmin güləşməyə “əski adət”dedin,

Bən şaşırdım, bəlkə onu fərq etmədin.

Əski olsun, bu xoş adət ən mədəni,

Ən yaldızlı adətlərdən daha yeni..

Cahil-alim həp çarpışır, həp güləşir,

Meydanda tək qalmaq için pənəcələşir.

İnsan var ki, gülüb durukən qüvvətə,

Qarşı gəlsə məcbur olur itaətə.[9]

O, belə bir qənaətə gəlirdi ki, hər hansı təhlükələrə üstün gəlmək üçün bəşər övladı qorxusuz olmalı, mücadilə aparmalıdır. Çünki qorxu içində yaşamaq insanı da, cəmiyyəti də yavaş-yavaş öldürür. O, yazırdı:

Hər qüvvətə üstün gəlir ancaq qorqusuz bəşər,

Cihan yigit ərlərindir, qorqaq gözə çöp düşər.

Qorqu-sinsi bir mərəz ki, azar-azar öldürür,

Nəşəsiz bir ömrü ancaq mübarizə güldürür.[10]

Sadəcə, burada incə bir məsələ var ki, qüvvətli kim isə, haqlı da o çıxır. Deməli, zəifsənsə haqsızsan və ölməyə, köləliyə məhkumsan. Cavid yazırdı:

Hər şey qüvvətdədir, qalan həp yalan...

Gücsüzlük ən böyük qüsurdur, inan!

Bütün cahan qüvvət tərəfdarıdır,

Qəvi iblis olsa belə Tanrıdır.

Acizlərin haqqı ölümdür ancaq...[11]

[1] Yenə orada, s.156

[2] Yenə orada, s.156

[3] Yenə orada, s.157

[4] Yenə orada, s.160

[5] Yenə orada, s.161

[6] Yenə orada, s.195

[7] Yenə orada, s.210

MANŞET XƏBƏRLƏRİ