İstanbul Respublika Prokurorluğunda Ərzincandan olan deputat Mustafa Sarıgül və ailəsinin ölkə daxilində və xaricində yaradılan şirkətlər vasitəsilə mənbəsi qeyri-müəyyən çirkli pulların yuyulmasına dair əməliyyatlar aparılması, bu pulların investisiya müqavilələrinə uyğun istifadə edilməməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması iddialarına dair istintaq davam edir.
İstintaq çərçivəsində saxlanılan Emir Sarıgül atası Mustafa Sarıgül tərəfindən Yeni Partiya sədri Özgür Özelə 650 min dollara yaxın vəsait ötürüldüyünü etiraf edib.
Turkustan.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, bu iddialardan sonra Mərmərə qapalı tipli cəzaçəkmə müəssisəsinə aparılan Emir Sarıgül növbəti qalmaqallı hadisənin əsas iştirakçısına çevrilib. İddialara görə, Emir Sarıgül buraya gətirildikdən sonra sözügedən cəzaçəkmə müəssisəsində saxlanılan İstanbulun keçmiş bələdiyyə sədri Ekrem İmamoğlu ilə rastlaşıb. Bu zaman tərəflər arasında mübahisə baş verib. İmamoğlunun "Özgür Özeli satmısınız" sözlərinə Emir Sarıgül "danışma saxtakar, hamınız saxtakarsınız" sözləri ilə cavab verib.
Qeyd edək ki, bir müddət əvvəl Emir Sarıgülün türkiyəli məşhur müğənni Sibel Canla sevgili olduğu və hətta evlənəcəklərinə dair xəbərlər yayılmışdı./oxu.az