ABŞ 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında keçiriləcək işçi səviyyəli danışıqlara vasitəçilik edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff "X" sosial şəbəkəsindəki rəsmi hesabında açıqlama verib.
Vitkoffun sözlərinə görə, Əbu-Dabidəki görüşlərdə müharibədən sonrakı təhlükəsizlik tənzimləmələri, gərginliyin azaldılması, humanitar yardım səyləri və sülhə doğru növbəti addımlar əsas müzakirə mövzusu olacaq.
Xüsusi nümayəndə həmçinin bildirib ki, ABŞ danışıqçılar heyəti bu həftə Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri ilə bir araya gələcək. Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturası və Ukraynanın bərpası üçün iqtisadi dəstək imkanları nəzərdən keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az