DTX bəyanat yaydı: “Gürcüstanda dövlət çevrilişi olacaq”


Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti fövqəladə bəyanat yayaraq, ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırıldığını iddia edib.

Bu barədə Turkustan.az “Georgia News”-a istinadən xəbər verir.

“Müəyyən bir qrup insan bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları planlaşdırır, son məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir”, - deyə bəyanatda deyilir.

Qeyd olunur ki, bu müddət təsadüfi seçilməyib, çünki bu zaman Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir:

“Müəyyən şəxslərin ixtiyarında Gürcüstanın rusiyapərəst hökumətinin tezisindən istifadə edərək sosial iğtişaşlar hazırlayan informasiya şəbəkələri var”.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzenin və Ukraynada döyüşən gürcü legionunun komandiri Mamuka Mamulaşvilinin də adını çəkib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, planın icrası xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə nəzərdə tutulub.

“Təşkilatçılar 2014-cü ildə Ukrayna “Avromaydan”ına bənzər ssenarinin mümkünlüyünü nəzərdən keçirirlər”, - deyə məlumatda bildirilir.

Bəyanatda bildirilir ki, planın müəllifləri planlaşdırılan etiraz aksiyalarından biri zamanı insan tələfatına və qarşıdurmanın alovlanmasına səbəb olan partlayıcı qurğunu işə salmağa hazırlaşır.

Dövlət Təhlükəsizlik Xidməti də vurğulayıb ki, qabaqlayıcı tədbirlər görür və görəcək. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ