Ukrayna Prezidenti Vladimir Zelenski dekabr ayında ABŞ-da keçiriləcək G20 sammitində dəvət alacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Putinlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala “Bəli, əlbəttə” cavabını verib.
“Biz görüşməliyik. Bir araya gəlməli, danışmalı və qərarlar qəbul etməliyik. Söhbət sözlərdən getmir. Ona nə deməyimin və ya onun mənə nə demək istəməsinin fərqi yoxdur. Əsas olan nəticədir”, - deyə, Zelenski bildirib.
Ukrayna lideri ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini də “yaxşı siqnal” adlandırıb. O, danışıqlar aparan şəxslərin həm Moskva, həm də Kiyevə səfər etməsinin vacib olduğunu vurğulayıb.
Zelenski Ukraynanın münaqişəyə son qoymaq üçün danışıqlara hazır olduğunu və ölkəsinin ötən illə müqayisədə daha güclü mövqedə olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az