Türkiyə S-400-ü bu ölkəyə verəcək


Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri ilə bağlı ABŞ-la uzun müddətdir davam edən mübahisənin həlli üçün yeni variant gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, ABŞ Konqresinin üzvü Darrell İssa bildirib ki, S-400 komplekslərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) verilməsi məsələnin həlli üçün ən yaxşı variantlardan biri ola bilər. Onun sözlərinə görə, belə bir addım Türkiyənin ABŞ-ın F-35 proqramına qayıtmasına yol aça bilər.

İssa sentyabrın 10-da Ankaraya səfərindən sonra bildirib ki, S-400-lərin BƏƏ-yə verilməsi variantı daha əvvəl də müzakirə olunub.

Məsələ Türkiyə üçün xüsusilə F-35 proqramına qayıdış baxımından əhəmiyyətlidir. ABŞ 2019-cu ildə Ankaranın S-400 sistemlərini almasına görə Türkiyənin F-35 proqramındakı iştirakını dayandırmışdı. Vaşinqtonun əsas narahatlığı S-400 sistemlərinin NATO texnologiyaları üçün təhlükə yarada biləcəyi ilə bağlıdır.

ABŞ Prezidenti Donald Tramp isə iyul ayında Türkiyəyə qarşı CAATSA çərçivəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması imkanını gündəmə gətirib. Bununla belə, bu məsələnin S-400-lərdən imtina ilə əlaqələndirildiyi bildirilir.

Ankara isə hava qüvvələrinin gələcəyi ilə bağlı yalnız F-35-lərə ümid etmir. Türkiyə hazırda F-16 parkının modernləşdirilməsi və milli döyüş təyyarəsi KAAN layihəsinin inkişaf etdirilməsi istiqamətində də fəaliyyətini davam etdirir./modern.az


MANŞET XƏBƏRLƏRİ