Rusiya Prezidenti Vladimir Putin BMT-nin dünya siyasətində mərkəzi rolunun qorunub saxlanılmasının və gücləndirilməsinin vacibliyini bildirib.
Turkustan.az xəbər verir ki, Putin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci BRICS Liderlər Zirvəsində çıxış edib.
Rusiya lideri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin, xüsusilə Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyinin artırılmasının təşkilatın rolunun gücləndirilməsinə töhfə verəcəyini deyib.
Putin BRICS çərçivəsində əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini qeyd edərək təşkilatın hazırda dünyanın ən böyük qurumu olduğunu bildirib.
O, beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərin baş verdiyini vurğulayıb. Putin qeyd edib ki, dar qrup ölkələrin maraqlarına xidmət edən birqütblü dünya sistemi artıq keçmişdə qalıb. Onun sözlərinə görə, Qlobal Cənub və Şərqdə güc balansı yeni inkişaf mərkəzlərinin xeyrinə dəyişir və milli maraqlarını müdafiə etməyə, qlobal problemlərin həllinə töhfə verməyə hazır olan ölkələrin sayı artır.
Aytən Yaşar/ Turkustan.az