ABŞ rəsmiləri ötən ay elan etmişdilər ki, Amerika xüsusi təyinatlı qüvvələrindən ibarət bir qrup Hind okeanında üzən gəmiyə minərək Çindən İrana göndərilən hərbi texnikanı ələ keçirib.
Turkustan.az xəbər verir ki, rəsmilərin sözlərinə görə, bu əməliyyat İranın hərbi imkanlarını bərpa etmək səylərinin qarşısını almağa yönəlmiş nadir bir dəniz müdaxiləsidir.
“Wall Street Journal” qəzetinə danışan mənbələr bildirib ki, gəmi Şri-Lanka sahillərindən yüzlərlə mil aralıda saxlanılıb, hərbi məqsədlər üçün istifadə edilə bilən materiallar müsadirə edilib və daha sonra gəminin yoluna davam etməsinə icazə verilib. Bildirilib ki, ABŞ əvvəlcədən kəşfiyyat məlumatları vasitəsilə yükü izləyirmiş.
Əvvəllər ictimaiyyətə açıqlanmayan bu əməliyyatın, iyun ayında İsrail və ABŞ-ın İranın nüvə və raket obyektlərinə hücumları ilə nəticələnən 12 günlük münaqişədən sonra Tehranın gizli təchizat şəbəkələrini hədəf alan daha geniş Pentaqon strategiyasının bir hissəsi olduğu bildirilir.
Bu müdaxilə, ABŞ ordusunun son illərdə İrana göndərilən Çin mənşəli hərbi yükü ələ keçirdiyi ilk hal idi. Gəminin adı və mülkiyyəti açıqlanmasa da, ələ keçirilən materialların məhv edildiyi bildirildi. ABŞ rəsmisi bildirib ki, komponentlər həm mülki, həm də hərbi məqsədlər üçün xidmət edən İranın ənənəvi silah sistemlərində istifadə edilə bilən "ikili təyinatlı" avadanlıqlardır.
Aytən Yaşar/ Turkustan.az