ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsində vəziyyətin heç də yaxşı getmədiyini bildirib və Ukraynada artıq seçki keçirilməsinin vaxtının çatdığını vurğulayıb.
Turkustan.az xəbər verir ki, o, Kiyevin müharibəni seçkilərin təxirə salınması üçün “bəhanə” kimi istifadə etdiyini iddia edib.
Tramp “Politico”ya müsahibəsində qlobal gündəmlə bağlı fikirlərini bölüşərək Rusiyanın hazırkı mərhələdə “şübhəsiz şəkildə danışıqlarda daha güclü mövqedə” olduğunu qeyd edib.
“Müharibə 3-cü Dünya Müharibəsinə çevrilə bilərdi. Amma artıq olmayacaq. Əgər mən prezident olmasaydım, bu, gerçəyə çevrilə bilərdi”, – deyə Tramp bildirib.
O, Avropanı Rusiya–Ukrayna müharibəsini “yaxşı idarə etməməkdə” günahlandırıb və Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-ın təklif etdiyi sülh planını hələ də tam şəkildə nəzərdən keçirmədiyini iddia edib:
“Bəlkə də dünən gecə oxuyub. Oxusa, yaxşı olar”.
Ukraynada seçkinin vaxtının çatıb-çatmadığına dair suala cavab verən Tramp isə belə deyib:
“Bəli, düşünürəm ki, vaxtıdır. Uzun müddətdir gözlənilir. Onlar seçki keçirməmək üçün müharibədən istifadə edirlər. Məncə, ukraynalıların seçmək hüququ olmalıdır.”
Aytən Yaşar/ Turkustan.az