Onlayn qumar oynayanların NƏZƏRİNƏ - Cəzası var


Telefon və kompüter vasitəsilə əlçatan olan "onlayn qumar" platformaları hər il daha çox istifadəçi cəlb edir. Qısa müddətdə böyük qazanc vədi verən "virtual qumar" ilk baxışdan əyləncə kimi görünsə də, bu fəaliyyət bəzi hallarda maliyyə problemlərinə, psixoloji asılılığa və sosial münasibətlərin pozulmasına səbəb olur.

Bəs onlayn qumar insanları özündən necə asılı saxlayır? Qanunverilikdə bu oyunun təşkili üçün hansı cəza nəzərdə tutulur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Aytən Ələkbərovanın fikrincə, bu məsələdə gənclər daha çox risk altındadır.

“Bəzi insanlar, xüsusilə gənclər düşünürlər ki, qumar asılılığı iradə zəifliyindən yaranır. Ancaq bu, psixoloji davranışla əlaqəli bir problemdir. Belə ki, asılılıqdan əziyyət çəkən insanların məhz psixiatr və psixoloqun köməyi ilə bu haldan çıxdığının şahidi oluruq. Deməli, burada söhbət iradə zəifliyindən yox, birbaşa psixoloji problemdən gedir.

Sözügedən vəziyyət insanın birbaşa puluna, ailəsinə və ruh sağlamlığına çox ciddi təsir göstərə bilir.

İnsan qumar oynayarkən ilk olaraq beynində dopamin adlı maddə ifraz olunur. Bu maddə həyəcan və həzz hissi yaradır. İnsan qazandığı zaman onun sevincinin həddi-hüdudu olmur. Uduzduqda isə itirdiklərini geri qaytaracağı ümidi ilə oynamağa davam edir. “Bir dəfə də oynasam, udaram” düşüncəsi ilə beyin növbəti oyunda qazanma ehtimalına inanır.

Vaxt keçdikcə qumar oynamaq əvvəlcə vərdişə, daha sonra isə asılılığa çevrilə bilir. Burada ilk növbədə onun psixoloji davranışlarında problemlər yaranır. Həmin insanlar özlərini idarə etməkdə ciddi çətinlik çəkirlər, onların xarakterindəki bütün qüsurlar üzə çıxmağa başlayır”.

A.Ələkbərovanın sözlərinə görə, qumarın insan psixologiyasına ən mənfi təsirlərindən biri də insanın həmin anda doğmalarını, qiymətli olan şeyləri belə gözünü qırpmadan itirməyi gözə almasıdır.

Bəs, virtual qumar problemi qanunvericilikdə necə tənzimlənir? Bu oyunlara pul köçürmələrinin qarşısını almaq üçün banklar və dövlət orqanları hansı addımları atır?

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, sözügedən oyunlar ölkə daxilindən idarə edilirsə, qanunvericilikdə bunun üçün məsuliyyət nəzərdə tutulub:

“Real qumar kimi onlayn qumar oyunlarının da təşkili və keçirilməsi Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə məsuliyyətə yaradır və iki ilədək azadlıqdan məhrumetmə cəzası var. Eyni əməllər təkrar olduqda, bu cəza üç ilədək artır. Ancaq bunun təşkili bizim ərazidə deyil, xaricdən edilirsə, o halda dövlət orqanları da heç bir tədbir görə bilmir.

Bu oyunlarda iştirak etmək isə cinayət yox, inzibati xətadır. Bunun üçün 400 manat məbləğində cərimə və əldə edilmiş uduşun müsadirəsi nəzərdə tutulur.

Dövlət Vergi Xidməti və Maliyyə Monitorinqi Xidməti çirkli pulların yuyulması baxımından bu məsələyə nəzarət edir. Ancaq xırda uduşlar olduqda bunu müəyyən etmək mümkün olmur.

Ə.Həsənov son olaraq qeyd edib ki, ölkə daxilində sosial şəbəkələr üzərindən qumar saytı və proqramlarının reklamını aparan şəxslər üçün qanunvericilikdə məsuliyyət var.

/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ