Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandıran CHP sədri Özgür Özel partiya daxilində yaşanan mühüm bir hadisə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Özəl CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında həbs dövründə baş tutduğu iddia edilən görüşlə bağlı ilk dəfə danışıb.
Özəl bildirib ki, İmamoğlunun partiyadan uzaqlaşdırılması heç vaxt müzakirə mövzusu olmayıb. Onun sözlərinə görə, İmamoğlu həbsdə olduğu vaxt Kılıçdaroğlu və yaxın ətrafı ona partiya rəhbərliyi ilə bağlı təklif irəli sürüblər.
“Əkrəm İmamoğlu seçilmiş bələdiyyə sədridir. Onun vəzifədən uzaqlaşdırılması partiyadan xaric edilməsini asanlaşdırmır. Kamal bəy İmamoğlu həbs olunandan sonra onun ailəsini ziyarət edən ilk şəxslərdən biri olub. Daha sonra həbsxanada onunla görüşərək dəfələrlə ‘Gəlin birlikdə olaq, Özgür bəyi kənarlaşdıraq, birləşək’ təklifini səsləndiriblər”, – deyə Özel iddia edib.
CHP sədri əlavə edib ki, İmamoğlu həbsdə olduğu müddətdə ona partiya rəhbərliyi də təklif olunub.
“Onlar Əkrəm bəyə həbsxanada olarkən partiya sədrliyini təklif etdilər. Biz isə Əkrəm bəy üçün seçki qutusu qurduq və üzvlər ona səs verdi”, – deyə Özel bildirib.
Özəlin bu açıqlamaları Türkiyə siyasi gündəmində geniş rezonans doğurub və CHP daxilindəki münasibətlərlə bağlı yeni müzakirələrə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az