İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Hörmüz boğazında İran tankerinə və Qeşm adasında telekommunikasiya qülləsinə hücumlarını pisləyərək, Vaşinqtonun atəşkəs razılaşmasını və beynəlxalq hüququ pozduğunu bildirib.
Turkustan.az xəbər verir ki, rəsmi Tehran “ABŞ-ın region ölkələrinin ərazisi və imkanlarından İran əleyhinə təcavüzkar planların həyata keçirilməsi üçün istifadə etməsini” qınayıb, eyni zamanda, Küveyt və Bəhreynin ötən gecə ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını qeyd edib.
Bəyanatda vurğulanıb ki, hər hansı ölkənin təcavüzkar tərəflərə İran əleyhinə hərbi hücumun həyata keçirilməsi və ya dəstəklənməsi üçün öz quru, dəniz və hava ərazisindən, yaxud həmin ərazidə yerləşən bazalardan istifadə etməyə icazə verməsi beynəlxalq hüququn əsas qaydalarının və mehriban qonşuluq prinsipinin açıq şəkildə pozulmasıdır.
Tehran özünümüdafiə hüququnu özündə saxladığını və gələcək hücumların mənbəyini hədəf almaq da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib.
Qeyd edək ki, İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb, hava limanına ziyan dəyib, təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb. Bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.
Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.
Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.
Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər. /yenisabah.az/