Baydenin həyat yoldaşı: Tənqidlərdən sonra çox sarsıldıq


ABŞ-ın keçmiş birinci xanımı Cill Bayden həyat yoldaşı, keçmiş prezident Co Baydenin 2024-cü il prezident seçkiləri kampaniyası zamanı üzləşdiyi təzyiqlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Cill Bayden yeni nəşr olunan “Şərq qanadından baxış” adlı memuar kitabının təqdimat mərasimində çıxış edərək, Co Baydenin Donald Trampla debatından sonra Demokratlar Partiyası daxilində yaranan narazılıqdan və prezidentlik yarışından geri çəkilmə prosesindən danışıb.

Onun sözlərinə görə, debatdan sonra bəzi demokrat siyasətçilərin və yaxın hesab etdikləri şəxslərin Co Baydeni açıq şəkildə tənqid etməsi ailəni ciddi şəkildə sarsıdıb.

“Co və mən çox sarsılmışdıq. Yaxın dost hesab etdiyimiz insanların ictimaiyyət qarşısında onun haqqında ağır fikirlər səsləndirməsi bizi məyus etdi. Əgər bunu birbaşa bizə desəydilər, fərqli olardı. Lakin televiziya proqramlarında və mətbuatda bu cür açıqlamalar vermələri məni həqiqətən incitdi”, – deyə, Cill Bayden bildirib.

Keçmiş birinci xanım həmçinin qeyd edib ki, prezidentlik yarışından geri çəkilmək qərarını verən Co Bayden ona “Jilly, mənim başqa çarəm yox idi” deyib.

Kitabın təqdimat mərasimində iştirak edən keçmiş prezident Co Bayden tədbir iştirakçıları tərəfindən iki dəfə ayaqüstə alqışlanıb.

Xatırladaq ki, 2024-cü ildə Donald Trampla keçirilən debatdan sonra Co Baydenin çıxışı Demokratlar Partiyası daxilində geniş müzakirələrə səbəb olmuş, bir sıra partiya üzvləri onun prezidentlik yarışından çəkilməsini tələb etmişdilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ