Bakıda mənzil qiymətləri daha da yüksələcək


2026-cı ilin aprel və may ayları üzrə aparılan müşahidələr göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam edib.

Bu barədə Teleqraf-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, mart ilə müqayisədə apreldə bazarda mülayim yüksəliş müşahidə olunsa da, mayda həm alıcılıq qabiliyyətinin, həm də investisiya fəallığının artması nəticəsində qiymət dinamikası daha da sürətlənib:

“Köhnə tikili mənzillərə tələbat yeni tikililərlə müqayisədə daha yüksək olub. Bunun əsas səbəbləri mərkəzi rayonlarda köhnə yaşayış fondunun üstünlük təşkil etməsi, qiymət baxımından əlçatanlıq və hazır mənzil bazarına marağın artmasıdır”.

Ekspert qeyd edib ki, kotlovan mərhələsində olan layihələr isə ən yüksək artım tempini qoruyub saxlayır:

“Tikinti xərclərinin yüksəlməsi, yeni layihələrin sayının məhdud olması və investor marağı bu seqmentdə qiymətlərin daha sürətli bahalaşmasına səbəb olub”.

Vüqar Oruc qeyd edib ki, hazırkı dinamika ilin ikinci yarısında da davam edərsə, bazarda ən yüksək qiymət artımı kotlovan layihələrində, daha sonra köhnə tikili mənzillərdə olacaq:

“Mərkəzi rayonlarda torpaq ehtiyatlarının məhdudluğu və yeni tikinti imkanlarının azalması xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarında qiymətlərin orta bazar göstəricilərindən daha sürətli yüksəlməsinə şərait yaradır. Bununla yanaşı, Nizami, Binəqədi və Xətai rayonları da yüksək likvidlik nümayiş etdirərək bazarın əsas hərəkətverici seqmentləri sırasında qalır”.


MANŞET XƏBƏRLƏRİ