Bakı fərqli yol seçdi – Tiflis və İrəvan dərhal axtarışa başladı


Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik məsələləri ilə bağlı inteqrasiya prosesi yüksələn xətlə davam edir.

Turkustan.az xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Azərbaycanda hərbi sahədə atılan son addımlara diqqət çəkib:

“Sözün əsl mənasında Azərbaycan Milli Ordusunun milliləşməsi prosesi başa çatmaq üzrədir. Uzun illər SSRİ/Rusiyada təhsil alan generallar orduda hakimi-mütləq idilər. Azərbaycanın 90-cı illərin ortalarından başlayaraq Türkiyə ali hərbi məktəblərində oxumağa göndərdiyi məzunlar indi artıq orduda üst vəzifələrə gətirilirlər. Bunun daha bir örnəyini bu gün gördük, general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edildi. Cənab İslamzadə 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyə Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib, 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

Bəyan edildiyi kimi, Azərbaycan ordusu Türkiyə (NATO) modelinə keçir. Türkiyə ilə hərbi və təhlükəsizlik məsələləri ilə bağlı inteqrasiya prosesi yüksələn xətlə davam edir. Bu məsələ Azərbaycanı Baltikyanı ölkələri (NATO üzvüdürlər) çıxmaq şərtilə keçmiş SSRİ respublikalarından ciddi şəkildə fərqləndirir, üstünlük qazandırır. Azəbaycanın Türkiyə ilə hərbi-siyasi məsələlərlə bağlı əməkdaşlığı ölkəmiz üçün ciddi təhlükəsizlik çətiri yaradıb.

Gürcüstan və Ermənistanın belə bir çətiri yoxdur. Bu gün hər iki ölkədə baş verənlər həm də təhlükəsizlik çətiri axtarışıdır. Artıq Ermənistanın “rus çətiri” işləmir, dəlmə-deşik olub, Gürcüstan isə illərdir NATO-dan o çətiri ala bilmir.

Ermənistanın daha bir problemi də odur ki, bu gün fəaliyyətdə olan generallarının 90 faizi Rusiyada təhsil alıb, demək, Kremlin təsirindədirlər. Gürcüstanda vəziyyət bir az fərqlidir, artıq NATO proqramı çərçivəsində və Türkiyənin birbaşa iştirakı ilə yeni generalları var, amma çətirləri yoxdur”.

Natiq Cəfərli qeyd edib ki, sosial-iqtisadi sahədəki problemləri də həll etmək lazımdır:

“Ölkəmizdə bəzi kiçik marginal qrupun mənasız nümayəndələrinin “Azərbaycan tam Rusiyanın yanındadır” tezisi o qədər çürük, mənasızdır ki, “sülhməramlılar”ın zurna-balabanla ölkəmizdən tam çıxarılmasından sonra (israr edirdilər ki, bu, heç vaxt baş verməyəcək) onlara cavab vermək belə vaxt itkisidir. Hərbi-təhlükəsizlik siyasəti doğru istiqamətdədir, qalır digər daxili məsələlər, iqtisadi-sosial problemlərin həlli ilə bağlı doğru olanları etmək...”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ