"Əsas məqsəd prosesi sürətləndirməklə yanaşı, əldə edilən nəticələrin davamlı və qarşılıqlı qəbul edilə bilən hüquqi əsaslara söykənməsini təmin etməkdir".
Bu sözləri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin mövcud vəziyyətini Bakıvaxtı.az-a şərh edən deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə əldə olunan razılaşma, ilk növbədə, prosesin konkret istiqamət və ardıcıllıq üzrə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır Deputat qeyd edib ki, bu, komissiyaların fəaliyyətinin daha sistemli şəkildə təşkilinə, texniki və hüquqi məsələlərin mərhələli həllinə imkan verəcək:
“ Eyni zamanda, indiyədək komissiyalar arasında keçirilmiş çoxsaylı görüşlər və qəbul edilmiş sənədlər prosesin institusional əsaslarının artıq formalaşdığını göstərir”.
Arzuxan Əlizadə: Azərbaycan prosesin nəticəyönümlü şəkildə davam etdirilməsində maraqlıdır
Müsahibimiz hesab edir ki, bundan sonrakı mərhələdə əsas məsələ əldə olunmuş razılaşmaların praktik müstəvidə ardıcıl şəkildə həyata keçirilməsidir. Delimitasiya yalnız xəritə üzərində sərhəd xəttinin müəyyənləşdirilməsi deyil, eyni zamanda tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli sülhün hüquqi əsaslarının gücləndirilməsi baxımından mühüm prosesdir. Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe nümayiş etdirir və prosesin nəticəyönümlü şəkildə davam etdirilməsində maraqlıdır.
A.Əlizadə onu da bildirib ki, ilin sonuna qədər bütün mövcud problemlərin tam şəkildə həll ediləcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir.
"Çünki delimitasiya mürəkkəb, texniki və hüquqi məsələləri əhatə edən mərhələli prosesdir. Lakin siyasi iradə qorunduğu, komissiyaların işi intensivləşdirildiyi və əldə olunan razılaşmaların icrası təmin edildiyi halda, ilin sonuna qədər əhəmiyyətli irəliləyişlərin əldə olunması tamamilə realdır", - deyə Arzuxan Əlizadə əlavə edib.
Gülşən Şərif