Erməniçilik "dirildi"


Aqil Camal

Son dövrlər sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı, Azərbaycana qarşı bir neçə istiqamətdə aktivlik müşahidə olunur.

  • Azərbaycanın tarixi, maddi mədəni sərvəti olan Alban irsinə iddia;
  • Erməni tarixi, yalancı erməni dövlətləri, “tarixi şəxsiyyətləri” haqqında uydurmalar;
  • Qonşu dövlətlərə və bölgə dövlətlərinə saxta “tarixi xəritələr” əsasında ərazi iddiaları;
  • Qarabağ ərazisindən köç etmiş ermənilərə nostalji hisslər aşılamaq, keçmiş Dağlıq Qarabağ ərazisinə qayıdış çağırışları;
  • Separatçı simvolların təbliği və hər fürsətdə bu simvolları müxtəlif tədbirlərə daşımaq və oradan tirajlamaq;
  • “Müharibənin nəticələrinin müvəqqəti olması”, “tarixi qələbənin yenidən təkrarlanacağı” ilə bağlı revanşist təbliğat…

Bu və buna bənzər iddia və niyyətlər, sarsıdıcı məğlubiyyətdən bir neçə il sonra erməniçiliyin yenidən dirçəlmə yolunda olduğunu göstərməkdədir. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura son səfəri, orada Alban-xristian məbədlərini ziyarət etmələrinə, nüfuzlu dövlətlərin səfirlərinin qol qaldırıb Azərbaycan mahnılarına rəqs etmələrinə erməni cəmiyyətinin reaksiyası indiyədək görünməyən miqyasda oldu. Hətta, “revanşist” dediyimiz çevrələri aşaraq hakim komandaya da sirayət etdi.

İndi anlaşılırmı, Azərbaycan dövləti nə üçün israrla Ermənistan Konstitusiyasından ərazi iddialları ifadə edən müddəaların çıxarılmasının tələb edir?

Çünki, bu topluma etibar və etimad yoxdur.

Bugünkü Ermənistan hakimiyyəti, Baş nazir Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını hər fürsətdə təkrarlayır, üstəlik, yaxasında Ermənistan sərhədlərini əks etdirən xəritə gəzdirir. Belə isə Azərbaycanın suveren ərazisində diplomatların hərəkəti, keçirilən tədbirlər nə üçün Ermənistan cəmiyyətində, mediasında, sosial şəbəkə seqmentində bu qədər müzakirəyə, hətta, həyasızcasına etiraza səbəb olmalıdır?

Demək ki, erməniçilik aldığı zərbədən özünə gəlməyə, toparlanmağa çalışır.

Demək ki, erməniçilk baş qaldırmaq üçün zaman və fürsət gözləyir.

Demək ki, bu xislət qiyamətə qədər sağalmayacaq.

Ona görə də, dövlət və xalq olaraq qazandığımız tarixi qələbə fonunda, Ermənistanda gedən ictimai-siyasi prosesləri də ciddi izləməli, təhlil etməli və nəticələr çıxarmalıyıq.

Qələbə üstünlüyümüz işğalın vurduğu yaraları unutdurmamalı, rayonlarımızın işğal tarixçələri yenə həmin günlərdə xatırlanmalı , erməni vandallarının törətdiyi Xocalı soyqırımı, digər faciələrimiz 30 il olduğu üçün eyni harayla dünyaya duyurulmalıdır.

Tariximizə, Azərbaycan xalqının öz torpaqlarında əsrlər boyu yaratdığı maddi-mədəniyyət abidələrimizə daha sıx şəkildə sahiblənməli, onlara qarşı erməni iddialarına tutarlı cavablar verməliyik.

İndiki Ermənistan ərazisində, həmçinin, 30 illik işğal dövründə tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı dağıdan erməniçiliyin gerçək üzü ifşa olunmaqda davam etməlidir.

Azərbaycan sülh gündəliyinə sadiqdir. Lakin, görünən budur ki, hələ uzun onilliklər erməniçiliklə mübarizə, Azərbaycan xalqının hər bir fərdi qarşısında milli vəzifə kimi qalacaq.

Gələcəyi, gələcək nəsillərimizi düşünərək milli vəzifəmizdə yorulmayaq. Hər gün, hər an, hər yerdə!


MANŞET XƏBƏRLƏRİ