Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ictimaiyyət qarşısına çıxışları zamanı diqqəti çəkən məqamlardan biri də onun ətrafındakı sıx mühafizə halqasıdır. Dövlət başçısının istər Ankarada, istər Türkiyənin digər şəhərlərində, istərsə də xarici səfərlərində yanında görünən şəxslərdən biri isə artıq uzun illərdir dəyişmir.
Bəs Ərdoğan necə qorunur? Onun təhlükəsizliyinə neçə nəfər cavabdehdir, mühafizə sistemi necə qurulub və illərdir prezidentin ən yaxınında görünən şəxs kimdir?
Turkustan.az xəbər verir ki, Modern.az saytı Türkiyə mediasının məlumatları əsasında mövzunu araşdırıb.
Məlumatlara görə, Türkiyə Prezidentinin mühafizəsi ilə bağlı sistem yalnız dövlət başçısının yanında dayanan bir neçə silahlı əməkdaşdan ibarət deyil. Bu, Prezidentin özü, ailəsi, iqamətgahları, iş yerləri, avtomobilləri, ölkədaxili və xarici səfərləri, tədbirlər və hərəkət marşrutlarını əhatə edən çoxpilləli təhlükəsizlik mexanizmidir.

Ərdoğanı neçə nəfər qoruyur?
Türkiyədə Prezidentin mühafizəsi təkcə Təhlükəsizlik Baş İdarəsinin (Emniyet Genel Müdürlüğü) strukturu ilə məhdudlaşmır. 2019-cu ildə Cumhurbaşkanlığı İdari İşler Başkanlığı tərkibində Prezidentin Mühafizə Xidmətləri Baş İdarəsi (Cumhurbaşkanlığı Koruma Hizmetleri Genel Müdürlüğü) də yaradılıb. Bu struktur 10 yanvar 2019-cu il tarixli Prezident Fərmanı ilə yaradılıb.
Mühafizə strukturunun fəaliyyət dairəsi kifayət qədər geniş müəyyənləşdirilib. Buraya dövlət başçısının, ailə üzvlərinin, Prezidentin istifadə etdiyi iqamətgah və iş yerlərinin, nəqliyyat vasitələrinin, həmçinin ölkə daxilində və xaricində səfərlər zamanı təhlükəsizliyin təmin edilməsi daxildir. Tədbirlər zamanı giriş-çıxışların, hərəkət və dayanma istiqamətlərinin təhlükəsizlik baxımından təşkil olunması da sistemin tərkib hissəsidir.
Yəni küçədə və ya tədbirdə Prezidentin ətrafında görünən mühafizəçilər bu sistemin yalnız görünən hissəsidir.
Türkiyə mətbuatı “Ərdoğanı neçə nəfər qoruyur” sualına dəqiq rəqəmlə cavab verə bilmir.
Çünki Ərdoğanın bilavasitə yaxın mühafizəsində hazırda neçə əməkdaşın xidmət etdiyi barədə açıq rəsmi mənbələrdə dəqiq rəqəm göstərilmir.
2014-cü ildə Ərdoğanın Prezident seçilməsindən sonra onun Baş nazirlik dövründəki mühafizə heyətinin böyük hissəsi də Çankaya Köşkünə keçmişdi. Həmin dövrün Türkiyə mediası Baş nazirlik mühafizə strukturunda çalışan təxminən 500 əməkdaşın Köşkə keçirildiyini yazırdı.

Ərdoğan necə qorunur?
Ərdoğanın ictimai tədbirlərdə mühafizəsinə nəzər saldıqda, onun ətrafında bir neçə təhlükəsizlik halqasının formalaşdırıldığı görünür.
Birinci halqada Prezidentə ən yaxın məsafədə dayanan mühafizəçilər olur. Bu əməkdaşların əsas vəzifələrindən biri qorunan şəxsi birbaşa müşayiət etmək və təhlükə yarandıqda müdaxilə etməkdir.
İkinci və sonrakı halqalar isə ərazinin, tədbir məkanının, giriş-çıxışların və Prezidentin hərəkət istiqamətlərinin nəzarətdə saxlanılmasını əhatə edir.
Bundan əlavə, tədbirdən əvvəl məkanın təhlükəsizlik baxımından yoxlanılması, girişlərin nəzarətdə saxlanılması, marşrutun hazırlanması və digər dövlət qurumları ilə koordinasiya da mühafizə sisteminin bir hissəsidir.
Ərdoğanı illərdir müşayiət edən şəxs – Muhsin Köse
Türkiyə Prezidentinin təhlükəsizlik sistemində ictimaiyyətə daha çox tanış olan simalardan biri Muhsin Kösedir.

O, uzun illərdir Ərdoğanın ən yaxın mühafizə çevrəsində görünür. Muhsin Kösenin Ərdoğanın yaxın mühafizə komandasına gəlişi 2012-ci ilə təsadüf edir. Həmin dövrdə Baş nazir Ərdoğanın mühafizə rəisi Zeki Bulut Denizli emniyet müdiri vəzifəsinə təyin edildi.
Bundan sonra Bulutun boşaltdığı Baş nazirin yaxın mühafizə müdiri vəzifəsinə Aydın Vilayət Polis İdarəsinin rəis müavini Muhsin Köse gətirildi.
Anadolu Agentliyi 10 sentyabr 2012-ci ildə Muhsin Köseni artıq “Baş nazir Ərdoğanın yaxın mühafizə müdiri” kimi təqdim edirdi.
Türkiyə mediasının məlumatlarına görə, Muhsin Köse Türkiyənin Denizli vilayətinin Tavas rayonundakı Ebecik kəndindəndir.
2014-cü ildən sonra da Ərdoğanla birlikdə

2012-ci ildə Muhsin Köse Baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın mühafizə müdiri idi.
2014-cü ildə Ərdoğan Prezident seçildikdən sonra Muhsin Köse də onunla birlikdə Prezident aparatına keçdi. Belə ki, həmin dövrdə Baş nazirlik Koruma Dairesinin rəhbəri Ramazan Bal və onun müavini Muhsin Köse Cumhurbaşkanlığı Koruma Dairesinin rəhbərliyinə gətirildilər.
Muhsin Kösenin Prezident Ərdoğanın mühafizə strukturunda fəaliyyəti artıq 14 illik müddəti əhatə edir. Onun karyerasının diqqətçəkən tərəfi də məhz Ərdoğanın həm Baş nazirliyi, həm də Prezidentliyi dövründə mühafizə strukturunda qalmasıdır.
Yeri gəlmişkən, 2026-cı il məlumatlarında Muhsin Köse artıq “Prezidentin mühafizə rəisi” kimi təqdim edilir. Qeyd edək ki, 2026-cı ilin iyununda Muhsin Kösenin adı Türk Qızl Ayparasının mükafatlandırma mərasimində yenidən gündəmə gəlib. Prezidentin Mühafizə Xidmətləri Baş İdarəsinə verilən "İlin ictimai qurum bağışçısı" mükafatı Muhsin Köseyə təqdim olunub. Mükafatı Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.

15 iyul gecəsi – mühafizənin ən ağır sınaqlarından biri
Rəcəb Tayyib Ərdoğanın mühafizə sisteminin tarixində ən dramatik hadisələrdən biri 2016-cı il iyulun 15-də baş verən çevriliş cəhdi zamanı yaşanıb.
Həmin gecə dövlət başçısı Marmarisdə istirahətdə olduğu oteldən ayrıldıqdan sonra ora hücum edilib.
Həmin vaxt Muhsin Kösenin də Ərdoğanın mühafizə qrupunda olduğu məlumdur.
"Türkiye" qəzetinin 2026-cı ildə yayımladığı materialda çox maraqlı məlumat var: qeyd edilir ki, 15 iyul gecəsi Milli İstihbarat Təşkilatının başqanı Hakan Fidan Muhsin Köse ilə əlaqə saxlayıb və Prezidentin vəziyyətini soruşub.
Sonralar 15 iyul çevriliş cəhdi ilə bağlı hazırlanan verilişlərdən birində Muhsin Köse həmin zəng barədə danışıb. Onun sözlərinə görə, Fidan Prezidentin vəziyyətini soruşub, Köse isə həmin vaxt özəl ünvanda olduqlarını bildirib.
Qeyd edək ki, həmin gecə Prezidentin mühafizə dəstəsində xidmət edən polis əməkdaşı Mehmet Çetin həlak olub. Türkiyə Təhlükəsizlik Baş İdarəsinin rəsmi məlumatında Mehmet Çetinin Prezidentin yaxın mühafizəsində xidmət etdiyi bildirilib.
Xarici səfərlərdə mühafizə necə təşkil olunur?
Ərdoğanın xarici səfərləri zamanı təhlükəsizliyi yalnız Türkiyə tərəfinin mühafizəçiləri ilə məhdudlaşmır.
Dövlət başçısının səfər etdiyi ölkənin təhlükəsizlik qurumları ilə əvvəlcədən koordinasiya aparılır. Marşrutlar, tədbir məkanları, görüş keçiriləcək binalar və giriş-çıxışlar üzrə təhlükəsizlik planlaşdırılır.
Bu zaman Türkiyə Prezidentinin yaxın mühafizəçiləri də öz vəzifələrini davam etdirirlər. Buna görə xarici səfərlərdə Ərdoğanı əhatə edən mühafizəçilərlə yanaşı, ev sahibi ölkənin polis və digər təhlükəsizlik əməkdaşlarını da görmək mümkündür.

Zirehli avtomobillər də sistemin bir hissəsidir
Ərdoğanın mühafizəsi yalnız canlı “qalxan” rolunu oynayan şəxslərdən ibarət deyil. Prezidentin istifadə etdiyi avtomobillər də təhlükəsizlik sisteminin mühüm elementlərindəndir.
Ərdoğanın müxtəlif illərdə zirehli avtomobillərdən istifadə etdiyi məlumdur. Məsələn, 2012-ci ildə onun üçün Mercedes-Benz G500 Guard modelinin sınaqdan keçirilməsi barədə Türkiyə mediasında məlumat yayılmışdı.
Belə avtomobillər zirehli kuzov, qorunan şüşələr və digər təhlükəsizlik avadanlıqları ilə təchiz olunur.
Yaxın mühafizə xidməti adi polis xidmətindən fərqlənir və bu sahədə çalışan əməkdaşların xüsusi hazırlıq keçməsi tələb olunur. Təlimlər fiziki hazırlıq, qorunan şəxsin təhlükəsizliyinin təmin edilməsi, təxliyə və fövqəladə vəziyyətlərə reaksiya kimi istiqamətləri əhatə edir.