Rusiya Federasiyası Cənubi Qafqazdakı mövqelərini əldə verməyi həzm edə bilmir.
Turkustan.az xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqinin açıqlamalarında diqqət çəkir,
O bldirib ki, Rusiya Qafqaz dövləti hesab olunur və regiondakı proseslərlə sıx bağlıdır, buna görə də Cənubi Qafqaz onun üçün həyati əhəmiyyət daşıyır.
“Bizim maraqlarımız ondan qaynaqlanır ki, Rusiya sadəcə qonşu deyil, özü də Qafqaz dövlətidir. Regionun bütün ölkələri ilə bizi çox sıx tarixi və mədəni bağlar birləşdirir. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurulub. Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas və ya əsas ticarət tərəfdaşlarından biridir. Regiondan bizim üçün əhəmiyyətli nəqliyyat marşrutları keçir. Dağ silsiləsinin o tayında proseslərin necə inkişaf etməsindən Şimali Qafqazdakı vəziyyət də böyük ölçüdə asılıdır. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət daşıyır”, - diplomat deyib.
Mixail Kaluqin bildirib ki, Rusiya regionda sülh tərəfdarıdır:
“Biz istəyirik ki, Cənubi Qafqaz iqtisadiyyatı sərbəst nəfəs alsın. Bu bizim üçün sərfəlidir”.
“Məhz buna görə də 2020-ci ildə Vladimir Putin Azərbaycan və Ermənistan arasında qan tökülməsinin dayandırılması məqsədilə şəxsi səylər göstərmişdi. Həmin vaxt Bakı ilə İrəvan arasında sülh prosesinin əsası qoyuldu. Proses artıq bir neçə mərhələdən keçib, lakin yenə də 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları əsasında hazırlanmış yol xəritəsi çərçivəsində davam edir”, - deyə XİN departamentinin direktoru qeyd edib.
O əlavə edib ki, Moskvanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır və Qərb “gözəl sözlərə” baxmayaraq, Rusiyanı əvəz edə bilməyəcək.
“Vurğulamaq istəyirəm ki, Qərb gözəl bəyanatlarına baxmayaraq, nə təhlükəsizlik sahəsində, nə də iqtisadiyyatda yaxın perspektivdə Cənubi Qafqaz üçün Rusiyanı əvəz edə bilməz və edə bilməyəcək. Bizim regiondakı maraqlarımız isə sarsılmazdır”, - deyə o bildirib. /modern.az/