“Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlə bağlı mediadakı coşğunu qətiyyən anlamıram”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, “Ermənistanın demokratik lideri Kremlin imperialist ambisiyalarına necə mətanətlə müqavimət göstərir” mövzusundakı tamaşa, şübhəsiz ki, istedadlı siyasi manipulyatorlar tərəfindən oynanılıb:
“Ancaq bu, iki müttəfiq arasındakı münasibətlərin köhnə tezislərinin təkrarı idi. Nəticələrin xülasəsi belədir. Rusiya Federasiyasının Ermənistandakı hərbi varlığı və güc strukturları üzərindəki tam nəzarəti qorunub saxlanılacaq. İqtisadi qarşılıqlı fəaliyyətin səviyyəsi, konkret olaraq sanksiyalardan yan keçmə üzrə əməliyyatların həcmi artırılacaq. “Kremlin nümayəndələri” rolunu oynayan “klounlar” səsvermənin nəticələri ilə kütləvi şəkildə alçaldılacaq”.

Tofiq Zülfüqarov: Putin Paşinyana “Rusiyanın Ermənistan quberniyası”nda idarəçiliyini davam etdirməyə icazə verdi
T.Zülfüqarov bəyan edib ki, Rusiya Federasiyası öz müttəfiqinə Qərbdən dozalanmış şəkildə kreditlər və yardımlar formasında hədiyyələr almağa açıq şəkildə icazə verdi:
“De-fakto Rusiya öz əbədi vassalı Nikol Paşinyana “Rusiyanın Ermənistan quberniyası”nda idarəçiliyini davam etdirməyə icazə verdi. Düşünürəm ki, gizli şəkildə Paşinyanı hətta xidmətlərinə və eyni anda iki stulda əyləşə bildiyini nümayiş etdirmək bacarığına görə hansısa Rusiya ordeni ilə də təltif ediblər”.