İnformasiya əsrində real mübarizə formasına keçmiş cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına yönəlik fəaliyyətin əsas və birbaşa ağırlığı peşəkar medianın üzərinə düşür. Çünki müasir dünyada informasiya artıq xəbər çərçivəsini çoxdan aşaraq ictimai rəyə, insanların qərarlarına, hətta dövlətlərin siyasətinə təsir imkanı qazanan gücə çevrilib. Bu gücdən düzgün istifadə cəmiyyətin məlumatlandırılması, sui-istifadə isə manipulyasiya ilə nəticələnir.
Son illərdə dezinformasiyanın sürətlə yayılması jurnalistikanın məsuliyyətini daha da artırıb. Bir zamanlar xəbər istehsalı üçün əsas kriteriyalar kimi çıxış edən meyarlar artıq sosial şəbəkələr və digər resurslrar sayəsində sanki öz aktuallığını itirməkdədir. İnformasiyanın yayım sürətinin hədsiz artması ilə onun keyfiyyətinə mənfi təsirlər də güclənir. Peşəkar media belə bir mühitdə informasiya istehsalı ilə yanaşı, həm də dezinformasiyaya qarşı mübarizə aparmaq məcburiyyətində qalır.
Hər halda, peşəkar jurnalistlə dezinformasiya istehsalçısı arasında əsas fərq niyyətdədir. Yəni peşəkar medianın fəaliyyəti cəmiyyəti məlumatlandırmağa hədəflənibsə, dezinformasiya yayanların məqsədi onu yönləndirməkdir. Peşəkar jurnalist faktı dəqiqləşdirməyə, manipulyator isə emosiyaları bir qədər də qızışdırmağa çalışır. Belə bir durumda etik prinsiplərə riayət etməyin önəmi bir daha təsdiqlənir.
Mediada etik prinsiplərdən kənara çıxmamaq jurnalist məsuliyyətindən irəli gəlir. Məsuliyyətli jurnalist yaydığı informasiyanın cəmiyyətə mümkün təsirini nəzərə alır. Bilir ki, dəqiqləşdirilməmiş bir xəbərin dövriyyəyə buraxılması insanların taleyinə, ictimai sabitliyə və hətta təhlükəsizliyə təsir edə bilər. Böhran, münaqişə və fövqəladə vəziyyət dövrlərində jurnalistin məsuliyyəti daha da artmalıdır. Belə məqamlarda yersiz tələskənlik, yaxud sensasiya xatirinə yarımçıq məlumatın yayılması ciddi təşvişə səbəb ola bilər.
Müasir medianın fəaliyyətində əsas problemlərdən biri kimi “sürət yarışı” görünür. Bir çox informasiya resursları hansısa xəbərin ilk ünvanı olmağın onlara oxucu etimadını artırdığını düşünərək dəqiqliyi arxa plana keçirirlər. Əslində isə həmin resurslar “birinci” yox, “doğru” olmağı” seçməlidirlər. Peşəkar jurnalist üçün xəbərin gec yayılması yanlış yayılmasından daha əhəmiyyətlidir.
Peşəkar media təsdiqlənməmiş məlumatı heç vaxt fakt olaraq təqdim etmir, ən azı bir neçə mənbə ilə dəqiqləşdirmə aparır. Zərurət varsa, digər tərəflərin də mövqeyini öyrənir. Bu proses vaxt aparsa da, xəbərin doğruluğuna xidmət edir.
Dezinformasiyanın yayıldığı əsas müstəvilərdən biri sosial şəbəkələrdir. Bu platformada paylaşılan əksər informasiya subyektiv olmaqla bərabər, emosiyalar üzərində qurulur. Həmin xəbərin oxucuları isə onun dəqiqliyindən çox yaratdığı təsirə fokuslanırlar. Bu üzdən vurğulanan xəbərdəki qeyri-standart başlıqlar, manipulyativ videolar və kontekstdən çıxarılmış fikirlər daha sürətlə yayılaraq müəyyən təsir yaradır. Peşəkar jurnalistikanın əsas üstünlüyü məhz bu emosional xaosun içində obyektivliyi qorumağa çalışmasıdır.
Yaranmış vəziyyətdə jurnalist yalnız informasiya toplamaqla kifayətlənmir, eyni zamanda saxta məlumatları ayırd etməyə də məcburdur. Süni intellekt texnologiyalarının inkişafı bu prosesi xeyli mürəkkəbləşdirib. Belə şəraitdə jurnalistin peşəkarlığı və yoxlama bacarığının əhəmiyyəti də çoxalır.
Dezinformasiyaya qarşı mübarizəyə yalnız texniki məsələ deyil, həm də peşə etikası və vicdan məsələsi kimi yanaşılır. Çünki normal informasiya istehsalı və yayımı jurnalistin sadəcə peşəsi yox, həm də cəmiyyət qarşısında məsuliyyətidir.
Mövzu ilə bağlı fikirlərini bölüşən “Bakı Xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Aydın Quliyevin fikrincə, medianın inkişafının özünəməxsus göstəricilərindən biri olan dezinformasiya bu prosesdə yaranan mürtəce təzahürdür:

Fotoda: Əməkdar jurnalist Aydın Quliyev
“Bu gün medianın informaisya, həmçinin dezinformasiya yaymaq, eləcə də dezinformsiya ilə mübarizə aparmaq kimi fəaliyyət istiqamətləri mövcuddur. Əlbəttə, burada söhbət bir halda dezinformasiyanın yayılmasından, digər halda isə obyektiv informasiyanın yayılması və dezinformasiyanın qarşısının alınmasında media subyektlərinin rolundan gedir. Məsələyə kompleks şəkildə yanaşsaq, ümumiyyətlə, media bu gün qeyd olunan bu üç aspekt üzrə fəaliyyət göstərir. Çox təəssüf ki, hazırda bəzi media orqanlarının fəaliyyəti sadəcə dezinformasiyaların yayılması üzərində qurulub. Bəlkə də müəyyən müddət əvvəl mediada məqsədli şəkildə davamlı dezinformasiyaların yayılacağı deyilsəydi, çoxları buna təəccüblənərdi. Amma indiki dövrdə informasiya yayımından ciddi təhlükəszilik silahı kimi istifadə edildiyi nəzərə alınsa, o zaman açıq-aşkar görərik ki, medianın özü də dövlət siyasəti nöqteyi-nəzərindən mühüm təhlükəsizlik elementinə çevrilib. Onu da unutmayaq ki, hazırda bir sıra ölkələr, ölkələr qrupu və beynəlxalq təşkilatlar dezinformasiyaların yayılmasını öz strategiyalarının əsas üsullarından biri halına gətiriblər. Ona görə də indiki şəraitdə bəzi media subyektlərində dezinformasiyaların yayılmasının əsas fəaliyyət istiqamətlərindən biri kimi ortaya çıxması təəccüblü deyil. Bu, özlüyündə medianın inkişafının özünəməxsus göstəricilərindən biri olmaqla yanaşı, həm də medianın inkişafı prosesində yaranan mürtəce təzahürdür. Bu səbəbdən, vəziyyətə real yanaşmalı, qəbul edib-etməməyimizdən asılı olmayaraq, medianın fəaliyyətində dezinformasiya yayımının da mövcudluğunu nəzərə almalıyıq. Əks halda, dezinformasiya ilə mübarizə apara bilmərik”.
A.Quliyev qeyd edib ki, kompetent qurumların dezinformasiyaya qarşı mübarizəsi fərqli texnologiyalara əsaslansa da, medianın bu neqativ tendensiya ilə mübarizəsi özünəməxsus üsullarla aparılır:
“Maraqlıdır ki, həm normal informasiya yayan, həm dezinformasiya yayan, həm də dezinformasiyaya qarşı mübarizə aparn media orqanlarının fəaliyyətinin istinad nöqtəsini məhz informasiya təşkil edir. Dezinformasiya ilə mübarizədə ilk növbədə peşəkar media ön plana çıxır. Bu gün mütərəqqi ölkələrin əksəriyyətində peşəkar və obyektiv media dövlətin himayəsində fəaliyyət göstərir. Dezinformasiya ilə mübarizədə ilk növbədə peşəkar medianın fəaliyyəti göz önünə gəlir. Əksinə, dezinformasiya mənbəyi olan media orqanları qeyd olunan fəaliyyətləri ilə heç bir halda uzunmüddtli nəticələrə nail bilmirlər. Lakin dezinformasiyaların ömrü az olsa da, onların müəyyən hallarda həqiqi informasiyaların aylarla yaratdığı təsiri qısa müddətdə yerə vurmaq imkanı var. O baxımdan, dezinformasiya yayan dairələrin əsas hədəflərindən birinin peşəkar və obyektiv media olduğu vurğulanmalıdır. Belə bir şəraitdə peşəkar media orqanları həm dezinformasiya ilə mübarizə aparmalı, həm də özlərini dezinformasiyadan qorumalıdırlar. Ancaq qeyd edək ki, dezinformasiyaya qarşı mübariznin effekti peşəkar media və müvafiq dövlət qurumları ilə ictimai nəzarət institutlarının fəaliyyətinin koordinasiya edilməsindədir”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.