Bir alim tanıyırdım - (professor Xeyrulla Məmmədovun ömür və elm dünyası)



Nizami Məmmədov Tağısoy
filologiya elmləri doktoru,

ədəbiyyatşünas-tənqidçi,
Bakı
Slavyan Universitetinin professoru

Təhsilimizin, maarifçiliyimizin, ədəbiyyat tarixçiliyi elmimizin çeşidli laylarının qaldırılmasında, türkçülük məfkürəmizin inkişafı və formalaşmasında görümlü yeri olan, öz müəllimliyi, pedaqoqluğu ilə nəsillərin yaddaşında daşlaşmış istedadlı Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovla bağlı çoxdan idi ki bir yazı qələmə almağı qərarlaşdırmışdım. Bir az bundan qabaq, daha doğrusu 13 noyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Yaradıcılıq Klubunda professor Xeyrulla Məmmədovun 90 illik yubileyi qeyd edilərkən onunla bağlı fikirlərimi ədəbiyyatsevərlər və ədəbyyatşünaslarla bölüşüb, sonraya saxlamamağı qərara almaqla, həm də Xeyrulla müəllimi yaxından tanıyıb, Yubileydə iştirak edənlərin hər birinin öz xatirələrini qələmə alıb, onun pedaqoji fəaliyyəti və elmi yaradıcılığı ilə bağlı material hazırlayıb bir məcmuədə nəşr etdirməyi təklif etmişdim.

Azərbaycan ədəbi-bədii, fəlsəfi-estetik, mənəvi-əxlaq düşüncəsində elələri vardır ki, onlarla bağlı danışmaq ya çox çətin olur, ya da heç olmur. Amma professor Xeyrulla Məmmədov alim kimi də, pedaqoq kimi də, ədəbiyyat tarixçisi kimi də, nəzəriyyəçi-estet kimi də, türkçü və turançı kimi də yetərincə mükəmməl idi. Obyektivlik, mərdlik, haqqı nahaqqa verməmək, haqsız əzilənin tərəfində durmaq onun mənəviyyatının və həyat kredosunun özəl və danılmaz cizgiləri, keyfiyyətləri idi.

Xeyrulla müəllim bir alim kimi digərlərinin araya-ərsəyə gətirdiyi hazır elmi reseptlərin, nüsxələrin üzünü çıxarıb, təkrarlayıb elmi-nəzəri düşüncəmizə, maarifçilik şüurumuza, ədəbiyyatşünaslığımıza sırıyanlardan deyildi. Onun elmi axtarışlarında öz yolu, öz izi, öz imzası, öz möhürü vardı. Onun bütün kəsim və yanaşmalarda orijinal fikir və fərziyyələrin ortaya qoyulmasında fərdi baxış oriyentirləri mövcud idi. Xeyrulla müəllim mahiyyəti ilə tədqiqatçı idi. Alimin bir-birinin ardınca qələmə aldığı “XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 1978), “Azərbaycanda maarifçi-realist ədəbiyyat” (Bakı, 1978), “Sultan Məcid Qənizadə” (1983), “Əkinci”dən “Molla Nəsrəddin”ə qədər” (1986), “XIX əsr Azərbaycan uşaq ədəbiyyatı” (1992), “Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda” (1999), “XIX əsr Azərbaycan ədəbiyyatı” (2006), “İsmayıl bəy Qasprinski və Azərbaycan ədəbiyyatı” və b. bu kimi əsərləri ədəbiyyatşünaslığımızın yaddaşına yazılmışdır.

2006-cı ildə Xeyrulla Məmmədovun “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabını nəşrə hazırlayıb “Gərək günəş dağları aşıb sönməyəydi...” adlı ön söz əvəzi yazmış professor Elman Quliyev haqlı olaraq bu böyük alimi fitri istedad sahibi, yorulmaz və cəfakeş tədqiqatçı adlandırmaqla, onun zəka və qabiliyyətini, tərəfəkkür və düşüncə tərzini, kamillik xüsusiyyətlərini, vətənpərvərliyini, yüksək insani keyfiyyətlərinın üstün cəhətlərini qeyd etməklə, həm də ölkə ədəbiyyatşünaslığında və onun hüdudlarından kənarda tanıdan əksər tərəflərinə işıq salmış, böyük alimin yaradıcılıq potensiyasının özəl cəhətlərini oxuculara təqdim etmişdir [s. 3-5].

Professor Xeyrulla Məmmədov doğrudan da cəfakeş və yaradıcı alimlərdən idi. O, istər pedaqoji, istəsə də elmi fəaliyyətində məsuliyyəti bir an belə yerə qoymamışdı. Böyük tədqiqatçı hələ 1962-ci ildə “Sultan Məcid Qənizadə” mövzusunda namizədlik dissertasiyasını, 1981-ci ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan maarifçi realst ədəbi hərəkat” mövzulu doktorluq dissertasiyasının müdafiəsində də özünü tədqiq etdiyi problemlərin bilicisi və kompetensiyalı müəllifi kimi təqdim edə bilmişdir.

Uzun illər ərzində Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Xeyrulla müəllim bu qurumun əksər tədbir və fəaliyyətində yaxından iştirak etmiş, özünü ədəbi-bədii və nəzəri-estetik sahənin dəyərli araşdırıcısı kimi təsdiqləyə bilmişdi. Yorulmaz tədqiqatçı daim öz üzərində ardıcıl çalışmaqla nəinki onilliklər ərzində Azərbaycanda ədəbiyyat və sənətlə bağlı keçirilən nüfuzlu konfrans və simpoziumlarda, həm də ölkə hüdudlarından kənarda – Tbilisi, Moskva, Sankt-Peterburq, Kazan, Daşkənd, Almatı və b. bu kimi şəhərlərdə keçirilən mötəbər elmi məclislərdə Azərbaycan ədəbiyyat tarixçiliyi və ədəbiyyatşünaslığını layiqincə təqdim və təqdir etmişdir. Onun iti hafizəsinin məhsulu olan çoxsaylı əsərləri digər tərəfləri ilə yanaşı, həm də alimin S.Ə.Şirvani, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev və başqa bu kimi ədəblərimizlə bağlı apardığı tədqiqat işləri milli ədəbiyyat tarixçiliyinin önəmli səhifələrindəndir.

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsriyindəki “Giriş” (s. 10-17) bəhsindən başqa bu dövr ədəbiyyatımızın parlaq nümayəndilərindən olan “Abbasqulu Ağa Bakıxanov” (s. 18-48), “Qasımbəy Zakir” (s. 49-73), “Mirzə Şəfi Vazeh” (s. 44-92), “İsmayıl bəy Qutqaşınlı” (s. 83-86), “XIX əsrin ikinci yarısında ədəbiyyat” və bu mərhələyə dair dövrün ictimai-siyasi, iqtisadi və mədəni həyatı”, “Mətbuatın meydan gəlməsi” (s. 92-103), “Mirzə Fətəli Axundzadə” (s. 122-169), “Seyid Əzim Şirvani” (s. 170-211) kimi oçerk və tədqiqat səpkili bölmələrdə nəinki ayrı-ayrı sənətkarların yaradıcılıq spesifikasına dərindən nufuz edilmiş, həm də nəzərdən keçirilmiş ictimai-siyasi, ideoloji-coğrafi, mədəni-mənəvi həyatın adekvat panoramı yaradılmışdır.

Xeyrulla Məmmədov Azərbaycan xalqının, o cümlədən türk xalqlarının gələcəyi uğrunda bütün canını fəda etmiş böyük şəxsiyyətləri – İsmayıl bəy Qasparalı, Sultan Məcid Qənizadə, Ömər Faiq Nemanzadə, Mirzə Feyzulla, Əziz Mirəhmədov və b. bu kimi milli təssübkeşlərimizin yaradıcılığına daim yüksək dəyər vermiş, onların ədəbi və elmi yaradıcılığı ilə bağlı mülahizələr irəli sürmüşdür.

Professor Xeyrulla Məmmədov yaşayıb yaratdığı dövrdə dekan müavini, dekan, kafedra müdiri kimi vəzifələrdə çalışsa da, o, daim özünü tədqiqatçı alim kimi daha rahat hiss etmiş, görmüşdür. Çünki tədqiqatçılıq, araşdırmaçılıq onun bütün mahiyyətinə hopmuş, içini sanki “işğala” məruz qoymuşdur.

Xeyrulla müəllim xeyirxahlığı, vicdanlılığı, məsuliyyətliliyi ilə yanaşı, əməksəvərləyi, yaxşıları bağışlamağı bacaran, digərlərinin qeydinə qalan olsa da, öz xeyrini güdməyən korporativ düşüncədən kənar insanlardan idi. Onun içində başqalarına kömək etmək hissi çox yüksək idi. Haqsızlığa, ədalətsizliyə qarşı mənim elmi rəhbərim, Haqq Dünyasında nur içində yatmış professor Həbib Babayev kimi daim səsini ucaldan, belə olduğu halda emosiyalarını idarə edə bilməyən, lakin başqalarına kömək etməklə çətinlikləri dəf etməyə hazır olan ləngərli kişilərdən idi. O, daim saflıqdan yoğrulmuş bir insan olaraq özü-öz içində qeyri-adi bir harmoniyada yaşayırdı.

“Yaxşı insan” anlayışı “subyektiv yanaşma” olub, onun dürüst nəzəri-fəlsəfi, elmi-praktik formulirovkasını vermək çətin olsa da, onda müdriklik, cəsurluq, humanistlik, açıqlıq və s. kimi keyfiyyətlərin hamısı yerbəyer idi. Biz Xeyrulla müəllim haqqında bəhs edərkən onunla bağlı işlətdiyimiz “yaxşı insan” ifadəsini universal formula, yaxud dəyişkən sosial trend kimi qəbul etməkdən kənarıq. Lakin biz həm də bu ifadəni onunla bağlı işlədəndə onun özünə hörmətinə, özünə qarşı tənqidi yanaşmasına, özünün insanlıq, pedaqoqluq, alimlik, tədqiqatçılıq kimi prioritetlərini, prinsipiallığını, özünə inamlılığını və s. cəhətləri də nəzər-diqqətdən kənarda qoymamağı zəruri hesab edirik.

Professor Xeyrulla Məmmədov öz elmi və pedaqoji yaradıcılığı və səylərini Azərbaycan maarifçilik hərəkatının və məfkurəsinin, Türkçülük və Turançılıq əqədəsinin formalaşmasında və zənginləşməsində daim öz yeri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) “xərcləmişdir”. Onun elmi laboratoriyasından nə qədər istedadlı tələbələr, magistrlər, elmlər namizədləri çıxmışlar. Hamısının da yetişdirilməsinə sözün həqiqi mənasında Xeyrulla müəllim bütün elmi və zehni potensiyasını sərf etmişdir.

Xeyrulla müəllim Azərbaycan ədəbiyyat tarixçiliyinin yaradılmasında misilsiz xidmətləri olan akademik Feyzulla Qasımzadənin dərslik yaratma strategiyasından və taktikasından yararlanmaqla özünün “XIX əsr Azərbaycan ədəbiyyatı” [3] dərsliyini, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” proqramını tərtib etmiş və “XIX əsr Azərbaycan ədəbiyatı tarixi” proqramının redaktoru olmuşdur.

Ali məktəblərdə çalışan, tələbə auditoriyasının çətinlik və məsuliyyətlərindən xəbərdar olanlar dərslik yaratmaq və uğurlu adekvat proqram tərtib etməyin nə olduğunu yaxşı bilirlər. Xeyrulla müəllim bu tipli tədris proqramları və nümunələrinin içində yetişmiş dəyərli mütəxəssislərdən idi. Onun səriştəliliyini nəzərə alaraq biz də Respublika Təhsil Nazirliyi Elmi-Metodik Şurasının qərarıyla təsdiq edilmiş “Azərbaycan ədəbiyyatı tarixi” kursu proqramımıza professor Xeyrulla Məmmədovun elmi redaktor olmasını xahiş etmişdik və həmin vaxt o, bizim xahişimizi məmnunluqla yerinə yetirmişdir.

Professor Xeyrulla Məmmədovu yaxından tanıyanlar, bu gün Azərbaycanın ali məktəblərində və Akademiya sistemində çalışan çoxsaylı yetirmələri – elmlər namizədləri və elmlər doktorları, professorlar onu hər yerdə “arxiv adamı” kimi təqdim etməkdədirlər. Belə nominasiya Xeyrulla müəllimin mahiyyətini incələsə də, fikrimizcə, onu bəlkə də sonadək açmır. Bizsə onu “arxiv adamı” yox, “arxiv adam” kimi görməkdəyik. Çünki Xeyrulla müəllim təkcə tədqiqatçı – alim kimi ömür-gününü arxivlərdə keçirmədi, həm də arxivlərin başını ayağına, ayağını başına çevirə-çevirə özü arxivə çevrildi. Ədəbiyyatımız, ədəbiyyat tarixçiliyimiz, bədii-estetik fikrimizin təfəkkür qaynağı kimi xidmət edə-edə, gözünün nurunu, idrakının işığını Azərbaycan elminə, nəzəri fikrinə ərməğan edib xərcləmiş insan kimi bu dünyadan köçüb Haqq dünyasına, əbədi uyuyacağı məkanına getdi. Getdi və bu “arxiv adam” arxivlərdən qətrə-qətrə yığdığını özü ilə aparmadı, bizlərə miras qoyub getdi. Əbədiyyətə qovuşmaq Haqqı olan insanlar isə Ölməzdirlər!

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycançılıq ideyasının təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ