NASA Marsın nadir görüntülərini yayımladı


NASA-nın metal asteroidə doğru səyahətini davam etdirən “Psyche” kosmik gəmisi Mars yaxınlığından keçərək Qırmızı planetin nadir görüntülərini əldə edib.

Turkustan.az xəbər verir ki, 2023-cü ilin oktyabrında kosmosa buraxılan “Psyche” missiyası əsas asteroid qurşağının xarici hissəsində, Mars və Yupiter orbitləri arasında yerləşən “16 Psyche” asteroidinə doğru hərəkət edir.

Yerüstü və kosmik teleskoplarla aparılan müşahidələr göstərir ki, bu asteroid yüksək dərəcədə işıq əks etdirən metal səthə malikdir. Alimlər hesab edirlər ki, “16 Psyche” Yer, Mars, Merkuri və Venera kimi planetlərin daxili nüvələrinə bənzər erkən planetar quruluşun açıq qalmış nüvəsi ola bilər.

Kosmik gəminin 3,6 milyard kilometrlik səyahəti zamanı yanacaq və enerji sərfiyyatını optimallaşdırmaq, həmçinin günəş-elektrik mühərrik sistemini dəstəkləmək üçün Mars yaxınlığından keçid manevri həyata keçirilib.

Mayın 15-də “Psyche” Marsın yaxınlığından keçərkən planetin cazibə qüvvəsi təbii “sapand effekti” yaradaraq kosmik gəminin sürətini saatda təxminən 1600 kilometr artırıb. Bununla yanaşı, aparatın orbital müstəvisi Günəşə nisbətən təxminən 1 dərəcə dəyişib.

NASA-nın Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasının naviqasiya meneceri Don Han bildirib: “Marsın kosmik gəmiyə verdiyi sürətlənməni təsdiqlədik. Hazırda 2029-cu ilin yayında ‘Psyche’ asteroidinə çatmaq üçün plan üzrə irəliləyirik.”

NASA Marsın nadir görüntülərini yayımlayıb.NASA Marsın nadir görüntülərini yayımlayıb.NASA Marsın nadir görüntülərini yayımlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ