ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Baltikyanı ölkələrə qarşı səsləndirdiyi ittihamların narahatlıq doğurduğunu və mümkün gərginliyin artması riskini gündəmə gətirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığı bu açıqlama İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin toplantısı zamanı jurnalistlərə verilib.
Rubiodan Rusiyanın Baltikyanı ölkələri Ukrayna ilə əməkdaşlıq edərək Rusiya ərazisindəki hədəflərə dron hücumları hazırlamaqda ittiham etməsinə münasibət bildirməsi istənilib. ABŞ dövlət katibi bu iddiaları “narahatedici” adlandıraraq bildirib ki, eskalasiya riski ilə bağlı daim narahatlıq mövcuddur.
“Biz anlayırıq ki, bu ölkələr tamamilə aydın səbəblərə görə özlərini təhdid altında hiss edirlər. Bu isə narahatlıq yaradır, çünki belə vəziyyətlərin daha böyük qarşıdurmaya çevrilməsi ehtimalı həmişə var”, – deyə Rubio qeyd edib.
O əlavə edib ki, ABŞ məsələni diqqətlə izləyir və bu istiqamətdə NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Aytən Yaşar/ Turkustan.az