Bakı–Tiflis reysi yenidən açıldı: 81 manatlıq bilet qiyməti hamı üçün əlçatandır? - ŞƏRH


Pandemiyadan sonra yenidən fəaliyyətə başlayan Bakı–Tiflis qatarı gündəm mövzusu oldu. Marşrutun açılması bir çoxları tərəfindən müsbət qarşılansa da, ən çox müzakirə olunan məsələ bilet qiymətləri oldu.

Xüsusilə Bakı–Tiflis istiqaməti üzrə minimum 81 manat müəyyənləşdirilən tarif sosial şəbəkələrdə və ictimai müzakirələrdə fərqli reaksiyalar doğurub. Bəziləri bu qiyməti yüksək hesab edərək qatar nəqliyyatının daha əlçatan olmalı olduğunu deyir, digərləri isə müasir vaqonlar, xidmət səviyyəsi və beynəlxalq marşrut amilini nəzərə alaraq qiymətin normal olduğunu düşünür.

Maraqlıdır, ölkədə orta aylıq gəlirlər nəzərə alınarsa, Bakı–Tiflis qatarı üçün müəyyən edilən 81 manatlıq qiymət iqtisadi baxımdan nə dərəcədə əsaslı hesab oluna bilər? Mövzu ilə bağlı Turkustan.az-ın suallarını iqtisadçı-ekspert Günay Hüseynova cavablandırıb.

İqtisadçı-ekspert Günay Hüseynova:

Günay Hüseynova

Orta statistik azərbaycanlının büdcəsini nəzərə aldıqda, 81 manatlıq qatar bileti qiyməti yüksək hesab olunur.

Minimum əməkhaqqı ilə çalışan bir vətəndaş üçün təkcə gediş-gəliş bileti almaq belə onun təxminən 10-12 günlük əməkhaqqına bərabər olur. Şəxsin qohum ziyarəti, istirahət və digər əlavə xərclərini də nəzərə alsaq, bir aylıq əməkhaqqının belə kifayət etmədiyini görərik.

Sərhədlərin bağlanmasından və pandemiyadan əvvəlki qiymətlərlə müqayisədə hazırkı tariflərdə ciddi artım müşahidə olunur. Qiymətin yüksək görünməsinin əsas səbəblərindən biri isə gəlirlərin artmaması fonunda xərclərin sürətlə çoxalmasıdır. Son beş ildə əməkhaqları və digər gəlirlərlə gündəlik xərcləri müqayisə etdikdə, xərclərin artım tempinin daha yüksək olduğu aydın görünür.

Qiymətə təsir edən əsas amillərdən biri də layihənin icrası ilə bağlı xərclərdir.

Zamana qənaət etmək istəyənlər təyyarəyə üstünlük verəcək, yolboyu mənzərədən zövq almaq və daha qənaətli seçim etmək istəyənlər isə qatar nəqliyyatını seçəcəklər.

“Qiymət nə qədər olarsa əhalinin büdcəsinə uyğun olar?” sualına gəldikdə isə düşünürəm ki, 35-50 manat aralığı daha münasib hesab edilə bilər.

Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, müəyyən sosial qruplar üçün güzəştli qiymət siyasətinin tətbiqi məqsədəuyğun olardı. Məsələn, qazilər, şəhid ailələri, əlilliyi olan şəxslər, valideynlərindən birini itirmiş 20 yaşadək gənclər və 65 yaşdan yuxarı şəxslər üçün endirimlərin tətbiq edilməsi daha uyğun addım hesab oluna bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ