Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 89,6 milyon manat vəsait daxil olub.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,65 % çoxdur. 4 ay ərzində qurum 23 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xatırladaq ki, bir neçə il öncə əhali dövlət özəlləşdirmə payları (çeklər) almışdı. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Ancaq hələ də vətəndaşlarda özəlləşdirmə ceki var.
Onların aqibəti necə olacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, özəlləşdirmə çeklərinin qüvvədə olma müddəti çoxdan qurtarıb:
"Təxminən 15 il keçib. Onların müddəti bir neçə dəfə uzadılmışdı. Ancaq sonuncu dəfə uzadılmadı. Artıq onlardan istifadə etmək olmaz. Dəfələrlə insanlar deyirlər ki, çekim qaldı, niyə belə oldu?
Birincisi, bir neçə dəfə uzadılan müddətdən istifadə etmək lazım idi. İkincisi, çeklər sadə insanlarda çox qalmayıb. Əsasən, vaxtilə o çekləri cəmləşdirərək alanlarda çox qalıb. Yəni bir neçə nəfərdən alıb saxlayıblar. Hazırda da əsas canfəşanlığı onlar edirlər”.
O qeyd edib ki, indi müddətin uzadılması da qeyri-mümkündür:
“Yenidən müddət uzadılarsa, insanlar elə hər bir məsələ üçün gözləyəcək ki, müddət uzadılsın. Burada əsas təhlükə başqadır.
Vaxtilə hansısa dövlət əmlakı alınanda onların alınması üçün istifadə olunan özəlləşdirmə çeklərinin məhv edilməsi təminatı yoxdur. Yəni risk var ki, bu işlə məşğul olan dövlət qurumu çekləri saxlayıb və ondan təkrar istifadə oluna bilər. Bu da əlbəttə ki, düzgün deyil".