“Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoyub”.
Turkustan.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumda çıxışı zamanı bildirib.
“Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024-cü ildə uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atmışdır.
Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olmuşdur.
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir.
İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, - deyə Əhməd İsmayılov əlavə edib.