NATO Putinə xəbərdarlıq edir: "Müttəfiqə hücum dağıdıcı cavab verəcək"


NATO-nun baş katibi Mark Rutte Rusiyanın nüvə təlimləri zamanı Vladimir Putinə güclü bir mesaj göndərdi.

Turkustan.az xəbər verir ki, Ukraynada baş verən və digər Avropa ölkələrini narahat edən hadisələrdən sonra danışan Rutte, NATO-nun müdafiə öhdəliyinin müzakirə mövzusu olmadığını söylədi.

İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl çıxış edən Rutte bildirib ki, "Heç kim yanılmasın. Hər bir müttəfiqimizi müdafiə etmək qabiliyyətimiz və qətiyyətimiz mütləqdir. Əgər kimsə hücum edəcək qədər axmaqdırsa, cavab dağıdıcı olacaq".

Ruttenin açıqlamaları Belarusun Rusiyanın öz ərazisində nüvə təlimləri keçirdiyini elan etdiyi bir vaxta təsadüf edir. Bu inkişaf, xüsusən də Ukraynadakı müharibə və NATO-nun şərq cinahındakı təhlükəsizlik narahatlıqları səbəbindən Avropada diqqətlə izlənilir.

NATO-nun baş katibi həmçinin Moskvanın Latviyaya qarşı ittihamlarını "gülünc" adlandırıb. Rusiya iddia edirdi ki, NATO üzvü olan Latviya Ukraynanın öz ərazisindən Rusiyaya hücumlar etməsinə icazə verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ