
Elman Cəfərli
Rövşən orta məktəbdə riyaziyyatı yaxşı oxuyurdu. Fiziki cəhətdən sağlam və cüssəli idi, idmanı sevirdi. Qaçışda ona kimsə çata bilməzdi. Futbol azarkeşi idi, özü də yaxşı oynayırdı. Amma ona hər zaman sinifin futbol komandasında qapını etibar edirdik və o da bizi yarıdır, çərçivəni yaxşı qoyurdu. Rövşənin gülməyi də bir ayrı aləm idi. Gözü yaşarana qədər gülür, bizi dərsin ortasında “zibilə salırdı”. Çünki ona baxıb biz də özümüzü saxlaya bilmirdik.
1992-ci ildə orta məktəbdən məzun olanda biz Bakıya ali məktəbə yollandıq. Rövşən isə kənddə qaldı, bir il sonra hərbi xidmətə çağırıldı. Cəbhənin ən qaynar nöqtələrində xidmət etdi.
Rövşən keçdiyi ağır döyüş yolunu anlatmağı sevmir. Amma arada “saqqızını oğurlayıb” danışdıra bilirəm.
***
Deyir ki, əsgərliyə 93-ün mayında çağırılıb. Təxminən 2 aylıq təlimdən sonra gənc əsgərləri döyüş bölgəsinə yollayıblar: “1993-cü il iyul ayının 23-də bizim hərbi hissəni Ağdam rayonuna döyüş bölgəsinə gətirdilər. Biz Ağdama gələndə ermənilər artıq şəhərin mərkəzini və rayonun bir çox kəndləri işğal etmişdilər. Biz Əfətli kəndinin girəcəyində döyüş mövqeyi tutduq. Gecə səhərə qədər postda hücum əmrini gözlədik. Səhərə qədər ermənilərin şəhərdə və kəndlərdəki yandırdıqları evlərin tüstüsü hər tərəfi bürümüşdü. Səhər açılanda bizim bölüyü kənddə olan bir fermanın yaxınlığındakı mövqeyə gətirdilər. Səhərə qədər səngər qazaraq mövqeyimizi möhkəmlətdik. Səhər açılanda ermənilərin hücumu başlandı. Onların dağlardan necə endiklərini binoklla görmək olurdu. Bizdən dəfələrlə çox idilər. Güclü atışma başladı. Hətta atışma o dərəcədə idi ki, başımızı səngərdən qaldıra bilmirdik. Toplarımızdan və zirehli texnikalarımızdan bizə dəstək gəldi və biz əks-hücuma keçdik. Erməniləri Əfətli kəndindən çıxartmağa müvəffəq olduq. Əks-hücum əməliyyatı bir neçə gün davam etdi və ardıcıl olaraq erməniləri geri otuzdurduq. Ağdamda döyüşdüyümüz müddətdə rayonun Əfətli, Yusifcanlı və Novruzlu kəndlərini və həmçinin Ergi deyilən ərazini düşmənlərdən azad etdik”.
Döyüş səhnələrini elə təsvir edir ki, sanki Sovet dövründə almanlarla müharibədən çəkilmiş filmə baxırsan.
“Getməyin, hamınızı öldürəcəklər”
“Ağdam cəbhəsində bütün istiqamətlərdə ermənilərin hücumu dəf edildi və düşmən geri otuzduruldu. Amma ermənilər bu dəfə Füzuli istiqamətində fəallaşmağa başladılar. Onlar rayonun demək olar ki 90%-ni işğal etmişdilər. Odur ki, 1993-cü il avqust ayının 23-də bizim hərbi hissəni Füzuliyə döyüş bölgəsinə gətirdilər. Füzuliyə gedərkən yol boyu öz doğma yer yurdlarından necə didərgin düşən insanları görürdük. Yolboyu ev əşları ilə dolu yük avtomobilləri karvanı hərəkət edirdi. Zorla ev-eşiyindən çıxarılan insanların üzündən kədər, pərişanlıq yağırdı. İnsanlar necə ümidsiz idilər ki, bizi görən bəziləri “getməyin, yazıqsınız, hamınızı öldürəcəklər” deyirdilər. Füzuliyə gələndə düşmən Əhmədbəyli kəndinin üstündəki təpələrdən əsas yolu atəş altında saxlayırdılar. Biz döyüş üçün mövqeyimizi seçdik və əks hücuma hazırlaşdıq. Səhər hava açılana yaxın əks hücuma keçdik. Bu hücumla düşməni Füzuli şəhərinin 8 km məsafəyə qədər qovmağa müvəffəq olduq. Ermənilərdən 150-dən çox əsir və xeyli sayda texnika götürə bildik”.
“Avtomatın qundağı ilə vurub silahını aldım”
Füzulidə ağır döyüşlərdə iştirak edib Rövşən. “Mirzə, bir dəfə erməni hərbi maşınının Horadiz istiqamətindən gəldiyini gördük. Onları atəş altında saxladıq və qaçmağa imkan vermədik. Mən güllə yağışı altında maşına tərəf getdim. Maşında iki nəfər idilər. Biri qaçıb gizlənə bilmişdi, amma ikinci maşının arxasında dayanmışdı. Yan tərəfdən yavaşca maşının arxasına keçdim və avtomatın qundağı ilə erməni terrorçusunun başına zərbə endirib silahını əlindən aldım. Qarabağda yaşayan ermənilərdən idi, ona görə Azərbaycan dlində yaxşı danışırdı. Ayağıma düşüb yalvarmağa başladı. O hər dəfə Azərbaycanca danışanda lap qəzəblənirdim. Gördüm əlimdən bir xata çıxacaq, gətirib bölüyə təhvil verdim”.
“Komandirim başı dizimin üstündə şəhid oldu”
Rövşən Alxanlı döyüşlərini belə xatırlayır: “23 dekabr 1993-cü il idi. Rayonun Alxanlı kəndi istiqamətində hücuma keçirdik. Mən, komandirim Oqtay Vəliyev və daha bir əsgər birlikdə kəşfiyyat etmək üçün düşmənin zirehli texnikaları olan bölgəyə yaxın getməli idik. Komandirimiz rabitə tağımından rabitə vasitəsini alıb mənə verdi. Üçümüz birlikdə ermənilərin içərisinə sızmağa müvəffəq olduq. 100 metr qalmış komandir mənə gözləməyi əmr etdi və digər əsgər ilə birlikdə daha da yaxınlaşdılar. Onlar həmin döyüşdə qumbara ilə düşmənin iki zirehli maşınını vurmuşdu. 3 cü dəfə isə səngərə yaxınlaşan erməni tankını vurmuşdular. Mən isə məlumatı həm komandirdən alır və arxada olan bölüyün əsgərlərinə göndərirdim. Lakin, döyüşdə tank mərmisinin onların yaxınlığına düşməsi nəticəsində komandirimiz ölümcül yaralandı, bir əsgər isə şəhid oldu. Mən rabitə vasitəsini çıxarıb sürünə-sürünə onların hər ikisini də bir-bir ordan çıxarda bildim. Komandirim başı dizimin üstündə gözlərini dünyaya əbədi yumdu və şəhidlik zirvəsinə ucaldı.
Füzulidə olduğumuz müddətdə rayonun Əhmədbəyli, Yuxarı Alxanlı, Aşağı Alxanlı, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndlərini düşməndən təmizlədik. Füzuli rayonunda bütün cəbhə böyu düşmənin müqaviməti qırıldı”.
“Sağ qaldığıma özüm də inanmadım”
Rövşən Tərtər-Ağdərə istiqamətində də döyüşlərdə iştirak edib. “Ermənilər bu dəfə də Tərtər-Ağdərə istiqamətində fəllaşmağa başlamışdılar. Onlar Ağdərə istiqamətindən Tərtərin Qapanlı kəndi tərəfə hücuma keçməyə cəhd edirdilər. Odur ki, 1994-cü il aprel ayının 24-də hərbi hissəni Tərtərə döyüş bölgəsinə gətirdilər. Güclü yağış yağırdı. Yağış altında döyüş mövqeyi seçmək üçün əməliyyata başladıq və düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxartmağa nail olduq. Bir gün kənddə minaatan batareyasının bir bölüyünü yerləşdirdik. Hücum olacağı xəbərini almışdıq. Onlar Ağdərənin Seysulan kəndi istiqamətindən Tərtərin Qapanlı kəndinə doğru hücuma keçəcəkdilər. Odur ki, hücumun qarşısını almağa hazırlaşırdıq. May ayının 10-u idi. Səhər çağı idi, hava işıqlanmamışdı, alaqaranlıq idi. Biz döyüş mövqeyində durmuşduq. Bu vaxt güclü döyüş başladı. Mərmilərin haradan gəldiyini müəyyən etmək qeyri-mümkün idi. Qaqa, o sən yazırsan e arada: “güllə yağış kimi yağırdı”. Bax, eynən elə. Türklər demiş çox misilləmə atəş açırdılar. Yəni intensiv atırdılar. Hücum başlamışdı. Bölükdəki əsgərlərin çoxu yeni gələnlər idi. Düşmənin haradan atdığını təqribi də olsa müəyyən etmək lazım idi. Əsgərlərin çoxunun yeni olduğunu və döyüş təcrübələrinin az olduğunu nəzərə alaraq özüm güllə yağışı altında ağacın hündür yerinə qədər dırmaşdım və təxmini haradan atıldığını müəyyən etdim. Minaatanları həmin istiqamətə tuşladıq və birinci mərmini atdıq. Bəzi xırda düzəlişdən sonra ikinci mərmini atdıq və düşmənin həmin istiqamətindəki atəşi dayandı. Yəqin ki ya vurmuşduq ya da yerlərinin aşkarlandığını bilib yerdəyişmə etdilər. Bir neçə dəqiqədən sonra 50 metr aralıqda bir mərmi partladı və biz də yerdəyişmə etməyi qərara aldıq. Ancaq yerdəyişmə etməyə macal tapmamış ikinci mərmi çox yaxınlığımızda partladı. Gözümü açanda yerə yıxılı vəziyyətdə və üstümdə çoxlu torpaq olduğunu gördüm. Mərmi o qədər yaxında partlamışdı ki, sağ qaldığıma özüm də inanmadım…Qəhrəman əsgərlərimizin, topçularımızın və tankçılarımızın sayəsində düşmənin Qapanlı kəndi istiqamətində hücumunun qarşısı alındı və onları geri çəkilməyə məcbur etdik. Düşmən nəinki Qapanlı kəndinə girə bildi, hətta gəldikləri Seysulan kəndindən də qaçmışdılar. Biz əks-hücum zamanı ideal taktika quraraq erməniləri tələyə saldıq. Taktiki olaraq geriyə çəkilərək Qapanlı kənd məktəbində aypara şəklində mövqe qurduq. Ermənilər isə elə başa düşdülər ki, biz qaçırıq. Odur ki, bütün tankları ilə düzənliyə çıxaraq hücuma keçməyə başladılar. Ancaq əks hücum bu zaman başladı və həm minaatanlarla, həm tanklar və PDM-lərlə, həm də xüsusi təyinatlılarımızla ermənilərə heç zaman unuda bilməyəcəkləri bir əməliyyatı başladıq. Təxminən 4 saat davam edən şiddətli döyüş zamanı düşmənin tank diviziyasını tamamilə sıradan çıxarda bildik. Düşmənin müqaviməti tamamilə qırıldı və sonunda düşmən sülh müqaviləsi bağlamağa məcbur qaldı”.
“Qiyamçılar 3 yoldaşımızı şəhid etdi”
Rövşən 1994-cü il oktyabr ayının 5-də qiyamçı polkovnik Surət Hüseynovun qanunsuz hərbi birləşmələrinə qarşı döyüşlərdə də içtirak edib: “Gəncədə qiyamçılara qarşı silahlı münaqişədə fəal iştirak etdik və qiyamın qarşısının alınmasında qəhrəmanlıq göstərdik. Bu zaman bizim tağımın 3 əsgəri: Natiq Məmmədov, Aqil Musayev və Elnur Nuriyev qiyamçılar tərəfindən qətlə yetirdi. Onlara ölümündən sonra Milli Qəhrəman adı verildi. 1995-ci il mart ayında isə bizi Bakıya apardılar. Bizim hissə mart qiyamının yatırılmasında rol oynadı. Qiyamçılara qarşı mübarizə aparanlardan biri də mən olmuşam”.
***
Ali məktəbə qəbul imtahanlarının nəticələri açıqlananda hər kəs öncə özünü düşünər. Amma o, imtahandan kəsilsə də nəticələr çap olunan jurnalı da qoltuğuna vurub bizə qaçmışdı. Həmin gecə Quzanlıdakı evimizin şimala baxan “sərin otaq” adlandırdığımız baş köşəsində gecə yarıya qədər üzüm arağı ilə mənim uğurumu qeyd etdik. “Elektronika” maqnitofonunda da Baloğan “Uçan quşlar”ı oxuyurdu. Baloğanın bu mahnı olan kasetini özüm qəsdən qoymuşdum. Çünki 7-ci sinifdə Rövşən bu mahnıya qulaq asıb gözlərini qıyar, “ilham pəris”i olan o ucaboy, ahu gözlü qızı xatırlayardı.
İndi o günləri xatırlayıb gözümüz yaşarana qədər gülürük. Amma Rövşənin gözündə qəribə, dibsiz bir kədər var. O kədər qanlı-qadalı müharibənin mirasıdır. O qayğısız, ümid dolu, gözləri fərəhdən parlayan Rövşən yoxdu. O Rövşəni bizdən insafsız müharibə aldı. Bizim gülərüz, həyat dolu sinif yoldaşımız artıq əvvəlki Rövşən deyil. Gülüşü də dəyişib. Şaqraq gülüşünün yerini dərin və kədərli düşüncələr alıb. Baxışlarında isə qayğısız uşaqlığın yerini ağır xatirələr kök salıb. Bax belə, 38 il öncə namərd qonşuların başladığı müharibə təkcə torpaqlarımızı yox, arzularımızı da yandırdı, gəncliyimizi yarımçıq qoydu. İndi o ümid dolu gözlərin işığı xatirələrdə yaşayır. Rövşənin yarımçıq qalan arzuları isə səssiz bir haray kimi zamanın içində əks-səda verir. İtirdiklərimizi heç vaxt yaddan çıxarmayaq deyə…

Media istiqaməti: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur