Türkiyədə "Süleymançılar" təriqətinə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan 38 şübhəlidən, aralarında Alihan Kurişin də olduğu 32 nəfər barəsində həbs qərarı verilib. Təriqətin lideri ifadəsində “Mən sadəcə varisəm. Daşınmaz əmlaklar miras yolu ilə qalıb, evdəki qızıllar isə toy zinətləridir” dediyi məlum olub.
Turkustan.az xəbər verir ki, aparılan daşınmaz əmlak reyestri araşdırması zamanı isə İzmirin Dikili rayonu sahillərində yerləşən Kalem adasının 258 hektarlıq hissəsinin Kuriş ailəsinə məxsus olduğu müəyyən edilib.
Ankara Respublika Baş Prokurorluğunun “Alihan Kuriş cinayət təşkilatı” ilə bağlı araşdırması çərçivəsində həbs edilən Alihan Kuriş prokurorluqda verdiyi ifadəsində ittihamları qəbul etmədiyini bildirib:
“Mənə qarşı ittihamları qətiyyən qəbul etmirəm. Hesab edirəm ki, mənə qarşı nüfuzdan salma kampaniyası aparılır. Süleyman Hilmi Tunahan həzrətlərinin nəvəsi, varisi və nümayəndəsiyəm. Onu sevənlər məni də sevir. Mən ictimai nüfuza malik dini liderəm. Rəhbərlik etdiyim qrupun adını özüm "Süleyman Hilmi Tunahan Həzrətlərinin tələbələri" kimi müəyyən edirəm. Kənarda necə adlandırıldığını isə bilmirəm və bu məsələlər mənə aid deyil. Mənə qarşı belə bir ittiham irəli sürülməsini nüfuzumun məhv edilməsi kimi qiymətləndirirəm. İttihamlarla bağlı heç kimə əmr və göstəriş verməmişəm. Mənə qarşı irəli sürülən ittihamlar əsassızdır".

"Telefon istifadə etmirəm"
O qeyd edib ki, adına qeydiyyatda olan heç bir mobil telefon xətti yoxdur: "Lakin əlaqə saxlamaq üçün əsasən ofis telefonundan istifadə edirəm, hazırda onun nömrəsini dəqiq xatırlamıram. Bundan başqa, ailə üzvlərimin istifadə etdiyi mobil telefon xətləri vasitəsilə əlaqə saxlayıram. Mənim adıma və ya başqa şəxsin adına olub, istifadə etdiyim başqa xətt yoxdur. Şifrəli rabitə şəbəkəsi olan GLOPPER adlı bir şeyi eşitməmişəm və bunun nə olduğunu bilmirəm. Aylıq gəlirim orta hesabla 380 min lirədir. Bu məbləğ şirkətdən aldığım əməkhaqqı və kirayə gəlirlərindən ibarətdir".
“Hər şey miras yolu ilə qalıb”
Alihan Kuriş adına atasından miras yolu ilə keçən daşınmaz əmlaklar olduğunu bildirib: "Bundan başqa, öz ticarət fəaliyyətimdən əldə etdiyim Sakaryadakı ofis binasında payım, Çamlıcada mənə məxsus üçmərtəbəli ev və Kısıklıda ailə üzvləri ilə ortaq sahib olduğumuz 450 kvadratmetrlik torpaq sahəsi var.
Həyat yoldaşımın və ya uşaqlarımın adına daşınmaz əmlak yoxdur. Adıma qeydiyyatda 2008-ci il istehsalı "Mercedes" markalı avtomobil var. Həyat yoldaşımın adına 2022-ci il istehsalı avtomobil qeydiyyatdadır. Uşaqlarımın adına avtomobil yoxdur. Həyat yoldaşımın və ya uşaqlarımın adına hər hansı şirkət yoxdur.
2005-ci ildə təsis etdiyim və hazırda da fəaliyyətini davam etdirən, 51 faiz pay sahibi olduğum memarlıq və tikinti şirkətim var. Bundan başqa, 2009–2022-ci illər arasında “ELF Yapı İnşaat” adlı şirkətdə 49 faiz payım olub. 2003–2023-cü illər arasında isə “Arden Gıda Sanayi Ticaret” şirkətində 5 faiz paya sahib olmuşam”.

Hədiyyə və yığım
Evdəki qızıllara gəlincə, Alihan Kuriş bildirib ki, axtarış zamanı götürülən əşyaların böyük hissəsi həyat yoldaşının toyda aldığı zinət əşyalarıdır: "Bundan əlavə, uşaqlarıma hədiyyə məqsədilə verilən zinət əşyaları da var. Onların hamısı ailəmin yığımlarıdır. Evdə aşkarlanan 3 milyon dollar dəyərindəki sənəd satmağı düşündüyüm daşınmaz əmlakla bağlı təminat sənədidir. Lakin sözügedən satış baş tutmadı və sənəd bizdə qaldı. Sənədin ödəniş müddəti artıq başa çatıb və buna görə də sənəd statusunu itirib.
Kısıklıda doğulub böyümüşəm. Çamlıca ibtidai məktəbində oxumuşam. Orta və tam orta təhsilimi də Üsküdarda başa vurmuşam. Universitetdə Maltepe Universitetinin Memarlıq fakültəsində təhsil almışam. 2005-ci ildə qardaşım Hilmi Tuna Kurişlə birlikdə “Altunmimarlık ve İnşaat” şirkətini təsis etdik. Bu şirkət layihə və tikinti sahəsində fəaliyyət göstərir. Bundan əlavə, tikinti podratçılığı və “Arden Gıda” şirkətinin də keçmiş ortağıyam. 2009-cu ildə evlənmişəm. Həyat yoldaşım evdar qadındır və bu nikahdan üç övladım var”.

İzmirdə ada iddiası
Alihan Kuriş və ailəsinə qarşı araşdırma çərçivəsində aparılan daşınmaz əmlak reyestri araşdırması zamanı İzmirin Dikili rayonu sahillərində yerləşən Kalem adası ilə bağlı da qeydlər aşkarlanıb.
Müəyyən edilib ki, Kalem adasının 258 hektarlıq hissəsi 2021-ci ildə Alihan Kurişin anası Ayşə Gülderen Kurişin adına satın alınıb. Kuriş ailəsinin bu daşınmaz əmlak üçün təxminən 45 milyon dollar ödədiyi bildirilir. /qaynarinfo.az/