Türkiyə müdafiə sənayesindən daha bir UĞUR


Türkiyə müdafiə sənayesində pilotsuz dəniz sistemlərinin imkanlarını genişləndirən daha bir mühüm layihəyə imza atıb.

Turkustan.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz yerüstü dəniz platforması olan MARLIN artıq dəniz minalarının yerləşdirilməsi qabiliyyətinə sahibdir. Sistem həm tam avtonom rejimdə, həm də uzaqdan idarəetmə vasitəsilə mina yerləşdirə bilir.

MARLIN layihəsi Türkiyənin Müdafiə Sənayesi İdarəsinin (SSB) koordinasiyası ilə “Sefine” və “Aselsan” şirkətləri tərəfindən həyata keçirilib. Layihə çərçivəsində istifadə olunan “Malaman” minaları isə “Sefine”, SISAM və KocDefense şirkətlərinin əməkdaşlığı ilə hazırlanıb.

Məlumata görə, təxminən bir il ərzində layihənin mühəndislik və istehsal mərhələləri tamamlanıb, mina yerləşdirmə üçün zəruri alqoritmlər hazırlanıb və sistem üzərində sınaqlar keçirilib.

Yeni qabiliyyət MARLIN-in Türkiyə Hərbi Dəniz Qüvvələrinin pilotsuz sistemləri arasında rolunu daha da genişləndirir. Beləliklə, dəniz minalarının ekipajın birbaşa iştirakı olmadan yerləşdirilməsi mümkün olur.

Türkiyənin bu texnologiyanı inkişaf etdirməsi pilotsuz dəniz platformalarının yalnız kəşfiyyat, müşahidə və patrul missiyalarında deyil, daha mürəkkəb hərbi tapşırıqlarda da istifadəsinə imkan yaradır.

MARLIN-in həm avtonom, həm də məsafədən idarə olunan rejimdə mina yerləşdirə bilməsi Türkiyəni bu qabiliyyətə malik məhdud sayda ölkə sırasına daxil edir.

Türkiyə son illərdə pilotsuz uçuş aparatları ilə yanaşı, pilotsuz dəniz platformalarının hazırlanmasına da xüsusi diqqət ayırır. MARLIN layihəsində əldə olunan yeni nəticə isə Ankara üçün pilotsuz dəniz qüvvələrinin inkişafında növbəti mərhələ kimi qiymətləndirilir./modern.az


MANŞET XƏBƏRLƏRİ