Sosial şəbəkələrin Türkiyə seqmentində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə Pakistanda keçmiş baş nazir İmran Xanın azadlığa buraxılması barədə məlumatlar yayılıb.
Turkustan.az xəbər verir ki, “Anadolu” agentliyi məsələni araşdırıb və məlumatların həqiqəti əks etdirmədiyi üzə çıxıb.
“Geo” telekanalı isə bu gün məlumat yayaraq, Pakistan Ali Məhkəməsinin korrupsiya ittihamları ilə həbs cəzası çəkən İmran Xanın səhhətindəki problemlərə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Məhkəmənin qərarına görə, siyasətçi növbəti iclasa qədər tibbi müayinə və müalicə üçün “Şifa” xəstəxanasına göndəriləcək.
Məhkəmə həmçinin hakimiyyət orqanlarına keçmiş baş nazirin tam tibbi qeydlərini təqdim etməyi tapşırıb və müxalifətdəki “Ədalət Uğrunda Hərəkat” partiyasını liderlərinin səhhəti məsələsini siyasiləşdirməməyə çağırıb.
Məhkəmə, həmçinin sabiq məmurun ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bu ilin fevral ayında Pakistanın keçmiş baş naziri İmran Xanın vəkilləri onun sağlamlıq problemləri ilə əlaqədar həbsdən azad edilməsi üçün ərizə təqdim ediblər. Xüsusilə, qan laxtası siyasətçinin sağ gözündə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Ərizədə həmçinin 2025-ci ilin dekabr ayında verilmiş hökmün icrasının təxirə salınması tələb olunub.
Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın baş naziri vəzifəsini icra edib. O, parlamentdə etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. İmran Xan 2023-cü ildən bəri korrupsiya ittihamları ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamlarla yeddi illik həbs cəzası alıb. /Yeniavaz.com/