Avtobuslar niyə yanır? - Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR


Dünən Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində sərnişin avtobusunda yanğın baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub və yanğın söndürülüb, ancaq avtobus yararsız hala düşüb.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Sürücü Turab Novruzov deyib ki, yanğın avtobusun qabaq farasından başlayıb. Bundan sonra sürücü qapıları açaraq sərnişinləri avtobusdan endirib.

Qeyd edək ki, xüsusən yay aylarında sərnişin avtobuslarında bu cür yanğın hadisələrinə tez-tez rast gəlinir. Ekspertlərin fikrincə, belə arzuolunmaz hadisələrlə üzləşməmək üçün nəqliyyat vasitələri vaxtaşırı texniki baxışdan keçirilməli, hərtərəfli yoxlanılmalıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib ki, artıq istismar müddətini başa çatdırmış avtobusların sayı artıb. Onun sözlərinə görə, xətlərdə xidmət göstərən avtobusların müəyyən qisminin texniki istismar müddəti başa çatıb və buna baxmayaraq, həmin nəqliyyat vasitələrində tam və ciddi texniki baxışların həyata keçirilməməsi ehtimalı var: “Bəzi hallarda nəqliyyat vasitələrinin köhnəlməsi fonunda da yanğın hadisələri baş verə bilər. Bu hallar texniki baxış zamanı hər zaman aşkar olunmaya bilər”.

Müsahibimiz hesab edir ki, eyni zamanda yay aylarında havaların isti keçməsi də belə yanğınların baş verməsinə təsir göstərə bilər. Xüsusilə soyutma sistemləri ilə bağlı problemlər, kondisionerlərin davamlı və intensiv işləməsi nəticəsində yaranan texniki nasazlıqlar buna səbəb ola bilər.

İ.Hüseynova görə, burada əsas məsələlərdən biri texniki servisin lazımi səviyyədə həyata keçirilib-keçirilməməsidir:

“Texniki xidmət zamanı dəyişdirilməsi zəruri olan bəzi detalların yenilənmədən yenidən istismarda saxlanılması halları baş verə bilər. Nəticədə mühərrik və ya elektrik sistemlərində yaranan nasazlıqlar texniki qəzalara, o cümlədən yanğınlara səbəb ola bilər”.

İlqar Hüseynov, nəqliyyat üzrə ekspert

Ekspert vurğulayıb ki, əgər yanğının avtobusun qabaq işıq sistemindən baş verməsi faktı dəqiq təsdiqlənibsə, bu, qeyd etdiyim problemlə əlaqəli ola bilər:

“Nəqliyyat vasitələrinin naqil sistemlərinin köhnəlməsi və ya istismar müddəti başa çatmış işıq lampalarının vaxtında dəyişdirilməməsi qısaqapanmaya gətirib çıxara bilər. Bunun üçün nə etmək lazımdır? Texniki baxış vaxtında keçirilməlidir. İstismar müddətini başa çatdırmış avtobuslar artıq xidmətdən kənarlaşdırılmalıdır. Avtomobil parkı şirkətlər tərəfindən mütəmadi yenilənməlidir. Köhnə avtobuslar utilizasiya olunmalı, onların əvəzinə yeni nəqliyyat vasitələri sərnişindaşıma xidmətinə cəlb edilməlidir. Əsas addımlar bunlardan ibarətdir”.


MANŞET XƏBƏRLƏRİ