Günəş tutulmasına saatlar qaldı: “Şər qüvvələrin Yerə təması... - Astroloqdan xəbərdarlıq


“Günəş və Ay tutulmaları hər il baş verir. Buna “küsuf” deyirlər. Hadisə zamanı Günəşin qabağını Ay tutur. Allah Günəşlə Ayı elə yaradıb ki, hər ikisinin dairəsi üst-üstə düşür. Yəni Günəşdən gələn şüaların qabağını Ay kəsdiyi üçün həmin şüalar Yerə düşmür. Buna da tam Günəş tutulması deyirlər”.

Bunu “Yeni Sabah”a filoloq-astroloq Firudin Qurbansoy deyib.

O bildirib ki, tam Günəş tutulması Azərbaycanda görünməyəcək:

“Hadisə günün günorta vaxtı baş versə, ətraf qaranlıq olur. Bu da bir neçə dəqiqə çəkir. Ay tutulması isə o vaxt olur ki, Ayın öz işığı yoxdur. Günəşin işığı onu aydınladır. Buna da “Ayın nuru” deyilir.

Yer kürəsi də Ayla Günəş arasında olduğu üçün Ay tutulması baş verəndə Yer kürəsi ikisinin arasında qalır və Günəşin şüaları Aya çatmır. Həmin anda isə Ay tutulması baş verir.

Ağ işıq sınanda onun birinci işığı qırmızı rəngdə olur. Tam Ay tutulması olanda həmin işıq qırmızı rəngdə olur və bu da adamlarda vahimə yaradır. Düşünürlər ki, nəsə fəlakət olacaq. Amma bunlar ibtidai təfəkkürlü adamların qorxularıdır”.

F.Qurbansoy qeyd edib ki, Günəş tutulanda şər qüvvələrin Yerə təması güclü olur:

“Şər qüvvələr də xoşa gəlməyən şeytani qüvvələrdir. Bundan qorunmaq üçün də müəyyən rituallar və dualar mövcuddur. Böyük fəlakət gözləntisi əbəsdir.

Bu gün baş verəcək Günəş tutulması Azərbaycandan xəfif keçəcək. Sadəcə olaraq, bu tutulmalar həssas adamlarda bir az narahatlıq yarada bilər. Ürək-damar problemi yaşayan insanların səhhətində bir az problem yarana bilər. Bundan qorunmaq üçün də bir stəkan su götürüb Qurani-Kərimin surələrindən oxuyub qurtum-qurtum içmək kifayətdir”.

Xatırlatma: Bu ilin ikinci və sonuncu Günəş tutulması bu gün - avqustun 12-də baş verəcək.

Tam Günəş tutulması olacaq astronomik hadisə bir sıra ölkələrdən müşahidə ediləcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.

Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq. Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək. Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.


MANŞET XƏBƏRLƏRİ