AZAL təyyarəsinin qəzası üzrə istintaq başa çatır - Qazaxıstan tarix AÇIQLADI


Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaqın artıq son mərhələyə daxil olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, proses həm cinayət, həm də texniki istiqamətlər üzrə paralel şəkildə davam edir.

Bozumbayevin sözlərinə görə, cinayət işi Qazaxıstan Baş Prokurorluğu tərəfindən aparılır. Qurum Rusiya istintaq orqanları ilə daimi əlaqədədir. “Orada da müəyyən irəliləyiş var. Qonşu ölkə liderlərinin bəyanatları da bunun təsdiqidir”, - deyə o vurğulayıb.

Texniki araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik hazırda təyyarədə istifadə olunan texnologiya və aviasiya cihazlarının lisenziya sahiblərindən son rəyləri gözləyir:

“Əslində Nəqliyyat Nazirliyi üzrə nəticəni bu il və ya gələn ilin əvvəlində tamamlaya bilərik,” - deyə Bozumbayev parlamentdə çıxışı zamanı bildirib.

Baş nazir müavini həm texniki, həm də cinayət araşdırmasının 2026-cı ildə yekunlaşacağına ümid etdiyini deyib.

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.

Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.

Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Hazırda həm Azərbaycan, həm də region ölkələri araşdırmanın yekun hesabatını gözləyir. /modern.az


MANŞET XƏBƏRLƏRİ