İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz


Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Bəs, güzəşt dedikdə nəzərdə tutulan nədir?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatda güzəştlərin effektiv tətbiqi üçün ödəniş sistemində dəyişiklik vacibdir və Azərbaycanda ötən ildən elan edilən “brutto müqavilə” modelinə keçid bunun əsas hissəsidir.

Onun sözlərinə görə, proses bu ildən start götürməli və 2026-2028-ci illərdə mərhələli şəkildə Bakı, Sumqayıt, Qarabağ bölgəsindəki şəhərlər, Naxçıvan və Gəncədə icra olunmalıdır.

Ekspert qeyd edib ki, yeni modeldə daşıyıcılara hər kilometrə görə subsidiya veriləcək, gündəlik, aylıq və illik bilet paketləri, eləcə də təqaüdçülər, tələbələr, müharibə iştirakçıları və veteranlar üçün güzəştli tariflər tətbiq olunacaq. Bundan başqa, uzaq məntəqələrdən gələn sərnişinlər üçün 90 dəqiqəlik pulsuz transfer imkanları xərclərin optimallaşdırılmasına şərait yaradacaq:

“Əvvəlcədən illik bilet alan sərnişinlər üçün səfər daha ucuz başa gəlir, pulsuz transferlər isə bir ödənişlə müxtəlif nəqliyyat növlərindən istifadə etməyə imkan verir. “Brutto müqavilə”yə keçid sürətləndirilməli və sərnişinlər bu dəyişikliklərin maliyyə baxımından müsbət təsirini real olaraq hiss etməlidir”.

Ekspert həmçinin əlavə edib ki, bu cür sistemlər region ölkələrində də tətbiq olunur və nümunə kimi Tiflis, Kiyev, Moskva və İstanbul göstərilə bilər:

“Dünyanın digər ölkələrində artıq 40 ildir ki, bu sistemlə ictimai nəqliyyat idarə olunur”.


MANŞET XƏBƏRLƏRİ