1902-ci ilin fəlakəti təkrarlana bilər? – Şamaxı ilə bağlı PROQNOZ


Şamaxıda ardıcıl qeydə alınan zəlzələlərdən sonra sosial şəbəkələrdə təşvişli paylaşımlar artıb. Təkcə bu müddət ərzində rayon ərazisində 8 zəlzələnin baş verməsi sakinləri ciddi şəkildə narahat edib. Xüsusilə 1902-ci ilin yanvarında Şamaxı rayonunda baş verən və ağır faciə ilə yadda qalan zəlzələ barədə xatırlatmalar ictimai narahatlığı daha da artırır.

Görəsən, ardıcıl xırda təkanlar daha güclü zəlzələnin xəbərçisidir, yoxsa bu, bölgə üçün adi seysmik aktivliyin tərkib hissəsidir? Şamaxıda eyni faciə yenidən yaşana bilərmi?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Şamaxıda qeydə alınan 4,5 maqnitudalı zəlzələ dağıdıcı xarakter daşımayıb.

Onun sözlərinə görə, bu ərazi tarixən seysmik baxımdan aktiv zona olub və burada gələcəkdə də zəlzələ baş verə bilər:

“1902-ci illə 2026-cı ilin şərtlərini müqayisə etmək düzgün deyil. Bu gün texnologiya inkişaf edib, qabaqlayıcı tədbirlər görmək mümkündür. Zəlzələ təbii hadisədir və onun qarşısını almaq mümkün deyil. Lakin dağıntıların və insan tələfatının qarşısını almaq üçün hazırlıqlı olmaq vacibdir. Bunun üçün binalar sağlam və zəlzələyə davamlı inşa olunmalıdır. Məsələn, Bakı şəhərində tikililərin əksəriyyəti 8 ballıq zəlzələyə hesablanıb. Ola bilər ki, ayrı-ayrı hallarda saxtakarlıq və ya məsuliyyətsizlik səbəbindən problemlər yaşansın. Ancaq ümumilikdə dövlət bu sahəyə ciddi nəzarət edir. Eyni nəzarət mexanizmləri Şamaxıda da gücləndirilməlidir. Bir neçə il əvvəl Şamaxıda və daha əvvəl Zaqatalada dağıdıcı zəlzələlər oldu, lakin insan tələfatı qeydə alınmadı. Bu da müəyyən hazırlığın nəticəsidir”.

qorxmaz 121

Qorxmaz İbrahimli

Ekoloq qeyd edib ki, Azərbaycan ərazisində 7 bala qədər zəlzələnin baş vermə ehtimalı var:

“Ölkə ərazisində seysmik gərginlik mövcuddur. Təəssüf ki, son illər bu sahədə ictimai məlumatlandırma zəifləyib. Məncə, televiziya proqramlarında şou xarakterli mövzulara üstünlük vermək əvəzinə, heç olmasa həftədə bir dəfə seysmologiya üzrə mütəxəssislər çıxış etməli, əhalini maarifləndirməlidirlər. Akademiyanın aidiyyəti strukturları mütəmadi məlumat verməlidir. Əks halda, sosial şəbəkələrdə müxtəlif, bəzən də əsassız fikirlər formalaşır və insanlar təşvişə düşür”.

Q.İbrahimli bildirib ki, Abşeron, Bakı, Şamaxı, Gəncə, Zaqatala və Naxçıvan daxil olmaqla bir sıra bölgələr seysmoaktiv zonada yerləşir və buna uyğun yaşayış mədəniyyəti formalaşdırılmalıdır:

“Əhalini qorxuya yox, hazırlıqlı olmağa çağırmaq lazımdır. Fürsət olduqca tikililər möhkəmləndirilməli, təhlükəsizlik standartları gücləndirilməlidir. Dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri Yaponiyadır. Orada insanlar seysmik aktivliyə uyğun yaşayış qaydalarına əməl edir və hökumət qabaqlayıcı tədbirləri vaxtında görür. Biz də bu istiqamətdə daha sistemli və davamlı addımlar atmalıyıq”.

Xatırladaq ki, Şamaxının sonuncu ən dəhşətli zəlzələsi 1902-ci il yanvar ayının 31-də baş verib.

Məlumata görə, fəlakət zamanı şəhər tamamilə dağılıb, 2 min insan həlak olub, minlərlə insan yaralanıb, 20 minə yaxın insan evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı yerlə-yeksan olub.


MANŞET XƏBƏRLƏRİ