Şamaxıda zəlzələlərin olması davam edəcək - AÇIQLAMA


Şamaxı rayonunda son iki gün ərzində ardıcıl yeraltı təkanlar qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələlər əsasən Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə baş verib. Təkanların maqnitudası 3–3,8 arasında dəyişib, zəlzələ ocağının dərinliyi isə 8–13 kilometr təşkil edib. Bəzi hallarda yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunsa da, bir sıra zəlzələlər hiss edilməyib. Bununla da iki gün ərzində rayonda baş verən zəlzələlərin sayı səkkizə çatıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Modern.az-a bildirib ki, avtoşoklar davam edəcək:

“Fon səviyyəsinə düşənə qədər proses davam etməlidir. Bu gecə saat dördə qalmış 4,7 maqnituda ilə təkan başladı və daha sonra 6,7 belə təkan oldu”.

Q.Yetirmişli qeyd edib ki, təkanlar baş vermiş zəlzələlərinin zəncirvari nəticəsidir:

“Tektonik qırılma boyunca harada gərginlik toplanıbsa, onun boşalması üçün vaxt lazımdır. Respublikanın digər rayonlarında zəlzələ baş verməsi ehtimalı yoxdur. Ümumiyyətlə, güclü zəlzələ ehtimalı yoxdur. Belə xırda təkanlar qorxulu deyil, baş verə bilər”.

Qurban Yetirmişli onu da qeyd edib ki, Şamaxıda aşağı səviyyədə titrəyişlərin sayı dünəndən bu günə qədər 200-dən çoxdur.


MANŞET XƏBƏRLƏRİ