Öldürən yemək: Göbələk zəhərlənməsindən necə qorunaq?


Göbələklərin 100 000-ə qədər növü var. Zəhərli göbələyi ayırd edə bilməməyimiz bəzən həyatımız bahasına başa gəlir.

Bu gün Azərbaycanda göbələkdən iki qadının zəhərlənərək ölməsi da dediklərimizə sübutdur.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, 1977-ci il təvəllüdlü İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmaz rayonuna gedib və Seyidli kəndində meşədə göbələk yedikdən sonra halı pisləşib.

Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından qadınların səhhəti ilə bağlı Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.

1985-ci il təvəllüdlü Günel Abdullayeva isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bəs yeməli və zəhərli göbələyi necə fərqləndirək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida mütəxəsisi Ağa Salmanov bildirib ki, göbələk təhlükəli qidalardan biridir. Onun sözlərinə görə, göbələyin zəhərli növündən biri də “solğun əzvay” göbələyidir:

“Solğun əzvay göbələyi ilə, yeyiləbilən şampinyon göbələyi əksər vaxtlar səhv salınır və yeməklərdə, turşularda istifadə olunur. Bu da təbii ki, zəhərlənməyə yol açır”.

Ağa Salamov, qida mütəxəssisi

A.Salmanov bildirib ki, göbələklərin zəhərli və yeyiləbilən olduğunu ayırd etmək üçün növlərini tanıyan insanlar yığmalıdır. Hər kəs öz başına göbələk toplamamalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, insanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir dietoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.

Qeyd olunur ki, göbələkdən zəhərlənməyə səbəb onların tərkibində toksinlərin olmasıdır. Papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Qalanları zəhərlidir və ya yeyilməməsi tövsiyə olunur.

Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.

Sağlamlıq üçün ən böyük təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik. Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar.

Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:

- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;

- yol kənarında, sənaye müəssisələrinin yaxınlığında, radioaktivliyin yüksək olduğu yerlərdə göbələklərin yığılması;

- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması;

- aşağı keyfiyyətli qablaşdırmadan istifadə;

- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;

- emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması;

- köhnəlmiş göbələklərin qidada istifadəsi;

- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.

Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra başlayır. Bəzi hallarda göbələk intoksikasiyasının klinik mənzərəsi hər hansı bir qida zəhərlənməsinin tipik təzahürləri ilə eyni olur: mədə ağrısı, ürəkbulanma və qusma, ishal, artan bədən hərarəti, titrəmə hissi.

Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.

Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.

Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, toplanması, daşınması, saxlanması, emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.


MANŞET XƏBƏRLƏRİ