İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a vasitəçilər vasitəsilə təqdim etdikləri yeddi maddəlik planın Prezident Donald Tramp tərəfindən rədd edildiyini eşitdiklərini, lakin hələ rəsmi cavab almadıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Əraqçi ABŞ-da NBC News-a müsahibəsində İranın məqsədinin ABŞ-ın başlatdığı “təcavüzkar müharibə”yə son qoymaq olduğunu deyib.
“Onlar bu müharibəni səkkiz ay əvvəl başladılar və iki-üç gün ərzində qalib gələcəklərini düşünürdülər. Amma səkkiz ay keçib və biz onun bitməsini istəyirik”, - deyə Əraqçi bildirib.
Nazir ABŞ-a təqdim etdikləri yeddi maddəlik təklifin “çox ağlabatan” olduğunu vurğulayıb: “Masada çox ağlabatan bir plan var. Əgər onlar bunu səbəbsiz rədd etsələr, bu, onların səhvi olacaq”.
Əraqçi İranın müharibənin yenidən başlamasına hazır olduğunu da qeyd edib: “Hətta apokaliptik müharibə olsa belə, istənilən yeni təcavüzə qarşı qətiyyətliyik. Amma eyni zamanda diplomatiyaya da hazırıq. Seçim Prezident Trampdan asılıdır”.
Aytən Yaşar/ Turkustan.az