İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanından güclü kül püskürməsi səbəbindən Kataniya hava limanında daxili və beynəlxalq uçuşlar bu gecə yarısına qədər dayandırılıb.
Turkustan.az xəbər verir ki, Etna vulkanının şimal-şərq kraterindən dünəndən bəri davam edən kül püskürməsi hava nəqliyyatında fasilələrə səbəb olub.
Kataniya Beynəlxalq Vincenzo Bellini Hava Limanını (Fontanarossa) idarə edən SAC şirkəti bununla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, vulkan külünün atmosferə yayılması səbəbindən uçuşlar bu gün saat 23:59-a (00:59 GMT+3) qədər dayandırılıb. Sərnişinlərə hava limanına gəlməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmələri tövsiyə olunub.
Etna vulkanında dünən başlayan püskürmə nəticəsində kül buludu təxminən 4 kilometr yüksəkliyə qalxıb. Bu səbəbdən bölgə üzərində uçan təyyarələr üçün “qırmızı” həyəcan siqnalı verilib.
Aytən Yaşar/ Turkustan.az