KİV: Netanyahu Ərdoğanla bağlı Beynəlxalq Məhkəməyə müraciət etməyə hazırlaşır


İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət hazırlanması barədə göstəriş verib.

Bu barədə "i24News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Netanyahu qurumlararası işçi qrupa Ərdoğanın Türkiyə kürdlərinə münasibətdə fəaliyyəti və "Ankaranın HAMAS-ı maliyyələşdirməsi" ilə bağlı iddialar üzrə materialların toplanması barədə göstəriş verib.

"i24News" qeyd edib ki, bu göstəriş Ərdoğanın Netanyahu barəsində İnterpol vasitəsilə həbs qərarının verilməsini tələb etmək niyyətində olduğuna dair açıqlamasından sonra verilib.

Telekanalın məlumatına görə, İsrail Haaqadakı məhkəməyə öz adından müraciət edə və ya bunun üçün başqa bir ölkənin vasitəçiliyindən istifadə edə bilər.

Qeyd olunur ki, nə İsrail, nə də Türkiyə Roma Statutunun iştirakçısıdır və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.


MANŞET XƏBƏRLƏRİ