Alimlər Günəş sistemindən kənarda yerləşən bir planetdən birbaşa gələn radiosiqnal qeydə aldıqlarını bildiriblər. Tədqiqatçılar bu siqnalı planetdəki qütb parıltısı ilə əlaqələndirirlər. Söhbət təbii hadisədən gedir və bu, yadplanetli həyatın aşkarlanması demək deyil.
Turkustan.az xəbər verir ki, “Science Alert” nəşri Harvard və Oreqon universitetlərinin tədqiqatçılarının araşdırması barədə məlumat yayıb.
Məqalədə bildirilir ki, əvvəllər başqa planet sistemlərindən gələn radiosiqnallar aşkarlansa da, onların mənbəyinin konkret bir planet olduğunu birmənalı müəyyənləşdirmək mümkün olmayıb. Yeni müşahidələrin isə birbaşa Beta Piktoris b planetindən gələn radioşüalanmanı göstərdiyi bildirilir.
Siqnal necə yaranır?
“arXiv” elmi ilkin nəşrlər platformasında yerləşdirilən araşdırmaya görə, siqnal planetdəki qütb parıltısı ilə bağlıdır. Bu hadisə elektrik yüklü zərrəciklərin planetin maqnit sahəsi və atmosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranır.
Yer kürəsində də müşahidə olunan qütb parıltısı zamanı enerji ayrılır. Alimlərin sözlərinə görə, bu hadisə ilə əlaqəli radioşüalanma Günəş sisteminin digər planetlərində və olduqca soyuq cırtdan ulduzlarda da qeydə alınıb.
Müşahidələr zamanı sürətli və təkrarlanan radioimpulslar, həmçinin davamlı radioşüalanma aşkarlanıb. Siqnallar 0,85-3,5 giqahers tezlik diapazonunda qeydə alınıb. Şüalanmanın dairəvi qütbləşmə adlanan xüsusiyyəti də güclü olub. Bu xüsusiyyət alimlərə siqnalın hansı fiziki proses nəticəsində yarandığını anlamağa kömək edir.
Müşahidələr Cənubi Afrikada aparılıb
Məlumata görə, siqnallar Cənubi Afrikadakı “MeerKAT” radioteleskoplar şəbəkəsi vasitəsilə 2025 və 2026-cı illərdə aparılan dörd müşahidə zamanı qeydə alınıb.
Tədqiqatçılar Yerdən təxminən 63,4 işıq ili uzaqlıqda yerləşən Beta Piktoris ulduz sistemini araşdırarkən qütb parıltısına xas radioşüalanma aşkarlayıblar. Onlar siqnalın mənbəyini həmin sistemdəki Beta Piktoris b planeti ilə əlaqələndiriblər.
Beta Piktoris Günəşdən daha böyük və isti ulduzdur. Onun quruluşu da Günəş tipli ulduzlardan fərqlənir.
Maqnit sahəsi Yerdəkindən min dəfə güclü ola bilər
Araşdırmaya əsasən, Beta Piktoris b planetinin çox güclü maqnit sahəsinə malik olduğu ehtimal edilir. Müşahidə məlumatları bu sahənin Yerin maqnit sahəsindən təxminən min dəfə güclü ola biləcəyini göstərir.
Tədqiqatçılar bunu qismən planetin sürətlə fırlanması ilə əlaqələndirirlər. Beta Piktoris b öz oxu ətrafında bir dövrəni təxminən 8-9 saata tamamlayır.
Alimlər növbəti mərhələdə eyni müşahidə üsulundan istifadə edərək digər ekzoplanetləri, yəni Günəş sistemindən kənardakı planetləri də araşdırmağı planlaşdırırlar./lent.az