Qrenlandiya ABŞ, Rusiya və Çinin maraqlarının kəsişdiyi əsas geosiyasi məkanlardan birinə çevrilir.
Turkustan.az xəbər verir ki, bu yaxınlara qədər ABŞ-ın adanı əldə edib-etməyəcəyi ilə bağlı müzakirələrin mərkəzində olan Qrenlandiya indi Arktikada təhlükəsizlik, hərbi mövcudluq və strateji resurslar uğrunda rəqabətin önəmli nöqtələrindən biridir.
Təxminən 60 min əhalisi olan Qrenlandiyanın ABŞ üçün əhəmiyyəti ilk növbədə onun Arktikadakı strateji mövqeyi, hərbi imkanları, yeni dəniz yollarına çıxışı və zəngin mineral ehtiyatları ilə bağlıdır. Vaşinqtonun adaya marağı Donald Trampın ilk prezidentliyi dövründə Qrenlandiyanı almaqla bağlı açıqlamalarından sonra daha da gündəmə gəlib.
Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək və ya almaq ideyası reallaşmasa da, Vaşinqtonun regiona strateji marağı dəyişməyib. Əksinə, ABŞ son razılaşma ilə Qrenlandiyada hərbi imkanlarını genişləndirmək üçün yeni hüquqlar əldə edib.
ABŞ, Danimarka və Qrenlandiya arasında sentyabrın 22-də imzalanan təhlükəsizlik sazişi 1951-ci il müdafiə razılaşmasına dəyişikliklər edir. Sənədə əsasən, ABŞ Pituffikdəki hərbi bazadakı fəaliyyətini genişləndirə, Narsarsuaq və Mestersviqdə əlavə müdafiə zonaları yarada bilər. Razılaşma həmçinin ABŞ hərbi qüvvələrinin Qrenlandiyada hərəkəti, uçuşları və əraziyə çıxışı ilə bağlı geniş imkanlar nəzərdə tutur.
Sənəddə NATO üzvü olmayan dövlətlərin Qrenlandiyada hərbi qurğular yaratmasına və daimi hərbi mövcudluq saxlamasına icazə verilmədiyi, həmçinin milli təhlükəsizlik baxımından həssas sahələrdə müəyyən xarici investisiyalara məhdudiyyətlərin tətbiq ediləcəyi qeyd olunur. Bu müddəalar razılaşmanın Rusiya və Çin kimi NATO üzvü olmayan dövlətlərin Arktikadakı təsir imkanlarının qarşısını almaq məqsədi daşıdığını göstərir.
Sazişin imzalanması zamanı ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen iştirak ediblər.
Tramp çıxışında ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığın qurulacağını bildirib. Frederiksen isə sazişin NATO çərçivəsində Arktikada ümumi müdafiə və təhlükəsizliyi gücləndirdiyini vurğulayıb. Nilsen də sənədin Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu tanıdığını və Arktikada ümumi təhlükəsizliyin bir hissəsi kimi adanın rolunu gücləndirdiyini qeyd edib.
Beləliklə, Trampın Qrenlandiyanı ABŞ ərazisinə çevirmək planı reallaşmasa da, yeni saziş Vaşinqtonun adadakı hərbi və strateji mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirir. Bu isə Qrenlandiyanın Arktikada ABŞ, Rusiya və Çin arasındakı geosiyasi rəqabətin əsas məkanlarından birinə çevrilməsini sürətləndirir.
Aytən Yaşar/ Turkustan.az